×
A
A
A
Sazlamalar

İsrail aviakompaniyaları 15 il aradan sonra Türkiyəyə uçuşları bərpa edə bilər

Bakı, 4 iyul, AZƏRTAC

İsrail aviakompaniyaları 15 illik fasilədən sonra Türkiyəyə müntəzəm uçuşları bərpa edə bilər.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması çərçivəsində mülki aviasiya sahəsində yeni əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır.
Cumhuriyet qəzetinin məlumatına görə, bu məsələ üzrə danışıqlar bazar ertəsi günü baş tutacaq. Tərəflər arasında keçiriləcək görüşdə İsraildən birbaşa uçuşların bərpası, onların tezliyinin artırılması və təhlükəsizlik məsələlərinin nizamlanması müzakirə olunacaq.
Qəzet qeyd edir ki, İsrail aviadaşıyıcıları 2007-ci ildən Türkiyəyə uçuşları dayandırıb. Bununla belə, türk aviakompaniyaları İsrailə müntəzəm reysləri yerinə yetirir.

Dünya 2022-07-04 10:42:00