×
A
A
A
Sazlamalar

Sabunçu rayonunun müəllimləri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar

Qəbələ, 3 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Bakı şəhəri Sabunçu rayonu Elşən Məhərrəmov adına 137 nömrəli tam orta məktəbin rəhbərliyi və ibtidai sinif müəllimləri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda və Qəbələ Arxeoloji Mərkəzdə olublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Qonaqlar əvvəlcə Arxeoloji Mərkəzdə sərgilənən tarixi eksponatlarla tanış olublar. Müəllimlərə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə Qoruğun ərazisində aparılmış arxeoloji qazıntı işləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində dövrü olaraq aparılan arxeoloji qazıntılardan əldə olunan maddi-mədəniyyət nümunələri Arxeoloji Mərkəzdə yerləşən laboratoriyada ətraflı tədqiq edilir və daha sonra buradakı muzeydə turistlərə nümayiş olunur.
Müəllimlər, həmçinin qoruğun Səlbir və Qala ərazilərinə də səfər edib, burada aparılmış arxeoloji qazıntı sahələri ilə yaxından tanış olublar. Ziyarətçilərə Qəbələ Arxeoloji Ekspedisiyanın iştirakı ilə aparılmış arxeoloji qazıntılar zamanı aşkar olunan tarixi tapıntılar barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar qoruq əməkdaşları tərəfindən cavablandırılıb.

Regionlar 2022-07-03 16:28:00