×
A
A
A
Sazlamalar

“Aere” tropik qasırğası Yaponiyanın cənub-qərb adalarına yaxınlaşır

Tokio, 2 iyul, AZƏRTAC

Yaponiyanın cənub-qərbində yerləşən adalara doğru hərəkət edən “Aere” tropik qasırğasının bu ərazilərə leysan yağışlar və güclü külək gətirəcəyi gözlənilir.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, iyulun 2-də səhər saat 9-a olan məlumata görə qasırğa Okinava prefekturasının Minami Dayço adasından 160 kilometr məsafədədir. Onun şimal və şimal-qərb istiqamətində saatda 30 kilometr sürətlə irəlilədiyi bildirilir. Qasırğanın mərkəzində küləyin sürətinin saatda 72 kilometrə çatdığı qeyd edilir.
Şimal-qərb istiqamətində hərəkət edən qasırğanın şənbə günü axşam saatlarında Okinavanın mərkəzi adasına və Kaqoşima prefekturasının Amamai adalarına çatacağı proqnozlaşdırılır. Gələn həftənin əvvəllərində isə onun Kyuşü prefekturasının mərkəzi adasına çatacağı qeyd edilir.
Bazar günü günortayadək regiona 200 millimetrədək yağıntı düşəcəyi gözlənilir. Ərazidə küləyin sürətinin saatda 126 kilometrə çatacağı, dənizdə dalğaların 6 metrədək yüksələcəyi proqnozlaşdırılır.
Meteoroloqlar yerli əhalini çayların daşması nəticəsində yarana biləcək torpaq sürüşmələri barədə xəbərdar ediblər.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2022-07-02 15:56:00