×
A
A
A
Sazlamalar

Özbəkistan DİN Nukus şəhərində baş verən hadisələrlə bağlı açıqlama yayıb

Bakı, 2 iyul, AZƏRTAC

Özbəkistanın Daxili İşlər Nazirliyi Qaraqalpaqıstan Respublikasının paytaxtı Nukus şəhərində baş verən hadisələrlə bağlı bəyanat yayıb.
AZƏRTAC Özbəkistan mediasına istinadla xəbər verir ki, qurumun məlumatına görə, ötən gün cinayətkar qruplaşma Nukusda dövlət orqanlarını ələ keçirməyə cəhd edib. “2022-ci il iyulun 1-də Nukus şəhərində cinayətkar qrup tərəfindən Qaraqalpaqıstan Respublikasının dövlət idarəetmə orqanlarını ələ keçirmək məqsədilə qanunsuz hərəkətlər təşkil olunub”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, iğtişaşların təşkilatçıları vətəndaşları mərkəzi meydana yığaraq Qaraqalpaqıstanın inzibati binalarını ələ keçirilməyə çalışıblar: “Təxribatçılar oradakı vətəndaşlara arxalanaraq, dövlət qurumlarını ələ keçirməyə və beləliklə, cəmiyyəti parçalamağa və ölkədə ictimai-siyasi sabitliyi pozmağa cəhd ediblər”.
Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz hərəkətlərin qarşısını qətiyyətlə alıblar. Kütləvi iğtişaşların təşkilatçıları və asayiş keşikçilərinə müqavimət göstərən bir qrup şəxs saxlanılıb. Onlara qarşı istintaq hərəkətləri davam etdirilir.

Dünya 2022-07-02 14:38:00