×
A
A
A
Sazlamalar

İsmayıllıda minifutbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıblar

İsmayıllı, 1 iyul, AZƏRTAC

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və “Castle Resort Spa”nın maliyyə dəstəyi ilə iyunun 16–da start götürən, şəhidlərin xatirəsinə həsr olunan minifutbol üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 futbol komandasının iştirak etdiyi yarış İsmayıllı rayon Heydər Əliyev adına parkın ərazisində yerləşən futbol meydançasında keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gərgin və maraqlı keçən yarışların nəticələrinə görə “Famil Əhmədzadə” komandası birinci yerin sahibi olub. “New Star” komandası ikinci, “Castle Resort Spa” komandası isə üçüncü yerə layiq görülüb. Qalib komandalara Rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları, həmçinin qiymətli hədiyyələr təqdim edilib.

Regionlar 2022-07-01 11:38:00