×
A
A
A
Sazlamalar

Əli Hüseynli: Azərbaycan müharibədə qalib gələrək, regionda sülhün bərqərar edilməsini təmin edib

Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Venesuela Milli Assambleyasının vitse-spikeri xanım Vanessa Monteronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin sədrinin müavini Əli Hüseynli Venesuela nümayəndə heyətinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Konfransına qatılmaq üçün ölkəmizə səfər etməsindən məmnunluğunu diqqətə çatdırıb. O, 2019-cu ildən etibarən Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etdiyini diqqətə çatdırıb və Venesuelanın bu təşkilatda ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirdiyimizi qeyd edib. Əli Hüseynli Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də ölkələrimizin səmərəli əməkdaşlıq edəcəyinə əminliyini ifadə edib və parlament səviyyəsində əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb. O, bu gün Milli Məclisdə Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması barədə qərar qəbul edildiyini və dostluq qruplarının ölkələrimiz, parlamentlərimiz arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə inamını bildirib.
Söhbət zamanı Milli Məclisin sədrinin müavini Əli Hüseynli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsindən danışıb. Vurğulayıb ki, ölkəmiz müharibədə qalib gələrək, regionda sülhün bərqərar edilməsini təmin edib. O, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edəcək nümayəndə heyətlərinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcəklərini və işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olacaqlarını diqqətə çatdırıb.
Görüşdə iştirak edən Milli Məclisin Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tamam Cəfərova iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafı barədə fikirlərini səsləndirib.
Venesuela Milli Assambleyasının vitse-spikeri Vanessa Montero nitqində ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Azərbaycan və Venesuela nümayəndə heyətlərinin BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiklərini söyləyib.
Vanessa Montero parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışaraq, Milli Məclisdə Venesuela ilə dostluq qrupunun yaradılmasından məmnun olduqlarını deyib, Venesuela Milli Assambleyasında da tezliklə belə bir qrupun yaradılacağını bildirib.
Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev, Venesuela Milli Assambleyasının deputatları Timoteo Zambrano, Juan Escalona, bu ölkənin Azərbaycandakı səfiri Kristofer Martinez Berroteran və digər rəsmi şəxslər iştirak ediblər.

Siyasət 2022-06-29 21:36:00