×
A
A
A
Sazlamalar

Ağstafada “Gəncə-Qazax iqtisadi rayonunun tarixi irsinin qorunması və şəhərsalma inkişafı” mövzusunda plenum keçirilib VİDEO

Ağstafa, 29 iyun, R.Novruzoğlu, AZƏRTAC

İyunun 29-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun iştirakı ilə “Gəncə-Qazax iqtisadi rayonunun tarixi irsinin qorunması və şəhərsalma inkişafı” mövzusunda plenum keçirilib.
AZƏRTAC xəbər verir ki, plenum iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül qoyublar. Qonaqlar müasir Azərbaycanımızın qurucusu Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən stend və “Müasir Azərbaycan memarlığı” adlı sərgi ilə tanış olublar. Həmçinin qoruq ərazisində aparılmış, arxeoloji qazıntılar zamanı aşkarlanmış zəngin maddi–mədəniyyət nümunələri, onların bərpa prosesinin icrası və qoruğa məxsus çap məhsullarından ibarət sərgi nümayiş etdirilib. Ağstafa rayon məktəblilərinin hazırladıqları, ulu əcdadlarımızın ovçuluq və yığıcılıqda geniş istifadə etdiyi silahların maketlərinin sərgisi maraqla qarşılanıb.
Sonra Heydər Əliyev Mərkəzinin akt zalında tədbirin rəsmi hissəsi başlayıb. Plenumda Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Memarlar İttifaqının katibi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Azərbaycan Memarlar İttifaqının Şəhərsalma üzrə komissiyasının sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar Sabitov, AMEA-nın Memarlıq və İncəsənət Universitetinin şöbə müdiri Raihə Amanzadə və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev məruzələrlə çıxış ediblər.
Plenum başa çatdıqdan sonra qonaqlar qədim yaşayış düşərgəsi olan Damcılı mağarasının yerləşdiyi “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunu ziyarət ediblər.

Regionlar 2022-06-29 19:47:00

Video