×
A
A
A
Sazlamalar

Sədərəkdə internet xidmətlərinin keyfiyyətinin ölçülməsi məqsədilə monitorinq keçirilib

Sədərək, 29 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublika sakinlərinin müasir telekommunikasiya xidmətlərindən istifadə etmələri məqsədilə yeni nəsil avtomat telefon stansiyaları quraşdırılır, mövcud avtomat telefon stansiyalarının internet tutumları artırılır. Bununla yanaşı, rabitə və internet xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, internet verilişində kəsintilərin qarşısının alınması məqsədilə nazirliyin mütəxəssisləri tərəfindən şəhər və kəndlərdə monitorinqlər aparılır.
Muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həyata keçirilən məqsədyönlü tədbirlərin davamı olaraq, Sədərək rayonunun Heydərabad qəsəbəsində və kəndlərində sakinlərin keyfiyyətli internet və rabitə xidmətlərindən istifadə etmələri üçün rabitə xətlərinə və abunə qurğularına baxış keçirilib. Rabitə kabellərindəki zədələnmələr, o cümlədən, xətlərdəki digər nasazlıqlar aşkar edilməklə nöqsanlar aradan qaldırılıb və internetin verilişi bərpa edilib. Həmçinin abonentlərlə görüşlər olub, onları maraqlandıran suallar cavablandırılıb, ünvanlarında mövcud olan internet xətlərinə və avadanlıqlara baxış keçirilib, yaranmış problemlərin aradan qaldırılması istiqamətində zəruri işlər görülüb.
Monitorinqlər zamanı internet qırılmalarını müəyyən etmək üçün telekommunikasiya sahəsində müasir tələblərə cavab verən “Argus 156 tester” markalı cihazdan istifadə olunur. Bu cihazlarla abonentin ünvanına daxil olan internetin sürətinin ölçülməsi mümkündür.
Görülən işlər, həyata keçirilən tədbirlər sakinlərin rahatlıqla internet xidmətlərindən istifadəsinə şərait yaradır.

Regionlar 2022-06-29 18:29:00