×
A
A
A
Sazlamalar

Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasının açılış mərasimi keçirilib

Katovitse, 27 iyun, AZƏRTAC

İyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun (WUF) “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasının rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moravietski açılış mərasimindəki çıxışında son iki ildə pandemiyanın şəhər həyatına yeni baxışın tələb olunduğunu göstərdiyini ifadə edib. Bildirilib ki, tarixən insanlar şəhərlərə yeni iş imkanları üçün üz tuturdularsa, müasir dövrdə isə buraya yeni və fərqli çağırışlar əlavə olunub. Baş nazir İkinci Dünya müharibəsi kimi ağır dağıntılar yaşamış Polşa şəhərlərinin son onilliklərdə keçdiyi inkişaf yolundan bəhs edib və şəhərlərin gələcək inkişafı üçün hökumət, yerli özünüidarə orqanları, vətəndaş cəmiyyəti və beynəlxalq qurumlar arasında fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
BMT-nin Məskunlaşma Proqramının (UN HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif 173 ölkədən nümayəndələrin sessiyanın işində iştirak üçün qeydiyyatdan keçdiyini bildirib. Qeyd edilib ki, pandemiyadan sonra keçirilən ən böyük beynəlxalq tədbirlər sırasında yer alan Ümumdünya Şəhər Forumunda urbanizasiya, şəhərlərin qarşılaşdığı problem və çağırışlar, getdikcə şəhər əhalisinin artımı və fərqli transformasiya prosesləri diqqət mərkəzində olacaq. Şəhər planlaması, iqtisadi transformasiya, rifah halının yaxşılaşdırılması, iqlim dəyişikliklərinin təsirinin azaldılması daha yaxşı təşkil edilməli və beynəlxalq ekspertlərin də qatıldığı forumda bu sahələrdə ən yaxşı təcrübə və təşəbbüslərdən örnək götürülməlidir.
Digər çıxış edənlər şəhərlərin keçdiyi metamorfoz, həyat keyfiyyətinin yaxşılaşdırılması, ictimai asayiş, nəqliyyat, yaşıl enerji, təhsil və səhiyyə, mədəniyyət və idman imkanları, turizm potensialının inkişafı, yeni texnologiyalar və rəqəmsal xidmətlərə çıxışın təkmilləşdirilməsinin vacib olduğunu bildiriblər. Vurğulanıb ki, urbanizasiya problemləri yaxın gələcəkdə bəşəriyyəti daha yaxından məşğul edəcək, çünki şəhər əhalisi 2021-ci ildə planet əhalisinin 56 faizini təşkil etdiyi halda, 2050-ci ildə bu göstərici 68 faizə yüksələcək. Bu isə öz növbəsində müasir tələblər əsasında şəhərlərin davamlı inkişafını və innovativ həllərə əsaslanan yeni yanaşmanın zəruriliyini göstərir.
Sessiya üçün Katovitsenin seçilməsi təsadüfi deyil, çünki tarixən Polşanın kömür və polad sənayesi mərkəzlərindən biri olan bu şəhər son onilliklərdə texnologiya, mədəni inkişaf və tədbirlər məkanına çevrilib. Sessiyanın keçirildiyi günlər ərzində keçmiş kömür mədəni ərazisində yerləşən beynəlxalq konqres mərkəzində 50-dən çox nazir və nazir müavininin, 800-dən artıq hökumət təmsilçisinin iştirakı gözlənilir. Eyni zamanda, 400 məruzəçi şəhərlərin gələcək inkişafına dair innovativ strategiyalar və həllər ətrafında çıxışlar edəcək, müzakirələr aparılacaq.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Katovitse 

Siyasət 2022-06-27 14:35:00