×
A
A
A
Sazlamalar

Qubada Silahlı Qüvvələrin yaranmasının 104 illiyi münasibətilə bayram konserti təşkil olunub

Quba, 24 iyun, Elxan Yusifli, AZƏRTAC

İyunun 24-də Qubada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104 illiyi münasibətilə bayram konserti təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba şəhərindəki 28 May Mədəniyyət və İstirahət parkında keçirilən konsertdə respublikanın tanınmış incəsənət ustaları və rayonun mədəniyyət müəssisələrinin kollektivləri musiqi nömrələri ilə çıxışlar ediblər.
Bayram tədbirində çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev əlamətdar günün tarixindən və Azərbaycan Respublikası Prezidentinin ordu quruculuğu sahəsində gördüyü işlərdən bəhs edib. Bildirilib ki, bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz yerini tutub.
Qeyd olunub ki, Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Bunun nəticəsidir ki, Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu düşmən işğalı altında olan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa edib.
Bayram tədbirində Prezident İlham Əliyev sərəncamları ilə təltif olunan Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub.
Çıxışlardan sonra tədbir iştirakçıları bayram konsertini izləyiblər.

 

Regionlar 2022-06-24 19:11:00