×
A
A
A
Sazlamalar

Füzulidə “Vətənpərvərlik ən ali duyğudur” adlı tədbir keçirilib

Füzuli, 24 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Füzuli rayonunda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, vətənpərvərlik hislərinin təbliği məqsədilə “Vətənpərvərlik ən ali duyğudur” adlı tədbir keçirilib.
Horadiz şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, təhsil, mədəniyyət və müxtəlif sahələrdə çalışan gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova tədbirdə çıxış edərək, ölkəmizdə uğurlu gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı böyük Zəfərin gənclərimizin vətənpərvərliyinin sübutu olduğunu diqqətə çatdıran natiq, ölkəmizdə xalq-ordu-rəhbər birliyinin dünya üçün nümunə olduğunu söyləyib. O, qəhrəman şəhidlərimizin və qazilərimizin döyüş yollarının, ümumilikdə isə böyük Zəfərimizin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə işində mühüm rol oynadığını bildirib.
Daha sonra rayon Təhsil şöbəsinin metodisti Fazil Məhərrəmov çıxış edərək, vətənpərvərlik ruhunda tərbiyə işində ailənin, məktəbin, cəmiyyətin rolundan danışıb. Bu vacib məsələdə təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan F.Məhərrəmov tariximizi, torpaqlarımızı, dövlətimizi sevməyin vətənpərvərliyin vacib elementləri olduğunu deyib.
Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülər üzrə mütəxəssisi Arzu Mirzəliyeva ölkəmizdə gənclərin potensiallarını gerçəkləşdirməsi üçün yaradılan münbit şəraitdən söz açıb. Arzu Mirzəliyeva gənclərimizin hər zaman Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdiyini diqqətə çatdırıb.
Sonda “Vətənpərvərlik ruhumuza yoğrulub” adlı videoçarx nümayiş olunub.

Regionlar 2022-06-24 15:53:00