×
A
A
A
Sazlamalar

Vətən müharibəsi qaziləri Nabranda dincəlirlər VİDEO

Xaçmaz, 24 iyun, Elxan Yusifli, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Xaçmaz rayonunun Nabran qəsəbəsində dincələn Vətən müharibəsi qaziləri arasında keçirilmiş idman yarışlarının qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən 6 günlük istirahət proqramında 44 nəfər Vətən müharibəsi qazisi iştirak edir. İstirahət mərkəzində dincələn qazilərin və veteranların günlük istirahətlərini səmərəli keçirmələri məqsədilə çimərlik futbolu, voleybol, stolüstü tennis, şahmat və dama oyunları üzrə turnirlər təşkil edilib, qaliblər müəyyənləşib.
Yarışların mükafatlandırma mərasimindən öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğundan, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən, qazanılan tarixi Zəfərdən danışıb.
Bildirilib ki, Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə təkcə ölkə tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. 30 ilə yaxın işğal altından olan torpaqlarımız Azərbaycan Ordusunun peşəkarlığı, qəhrəmanlığı, şücaəti sayəsində azad edildi.
Mehman İsmayılov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərirlər. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.
Vətən müharibəsi dövründə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının fəaliyyətinə toxunan M.İsmayılov FHN-in strukturlarının Ali Baş Komandanın əmrini şərəflə icra etməklə Qələbənin qazanılmasına öz töhfələrini verdiklərini diqqətə çatdırıb.
Çıxışlardan sonra Vətən müharibəsi qaziləri arasında keçirilən yarışların qaliblərinə medallar və FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
İstirahət proqramında iştirak edən qazilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Regionlar 2022-06-24 14:46:00

Video