×
A
A
A
Sazlamalar

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilk yaşayış binalarının inşasını həyata keçirəcək şirkəti müəyyən edib

Bakı, 24 iyun, AZƏRTAC

Şuşa şəhərində salınacaq 23 binalı yaşayış massivinin 8 binasının inşası üzrə keçirilən açıq tender müsabiqəsinə yekun vurulub. Doqquz şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və komissiyanın qərarı ilə "CONCO" QSC ilə müqavilə bağlanılıb.
Bu barədə AZƏRTAC-a Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.
Şuşa şəhərinin Baş planına əsasən aparılacaq tikinti işləri üç və beşmərtəbəli binalar olmaqla müasir materialların istifadəsi ilə həyata keçiriləcək və Şuşa şəhərinin iqlim şəraiti nəzərə alınacaq. Eyni zamanda, binaların zirzəmisində avtodayanacaq da yaradılacaq.
Yeni yaşayış kompleksinin yerdə qalan 15 binasının inşası üzrə açıq tenderin keçirilməsi yaxın zamanlarda olacaq. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təcrübəli tikinti şirkətlərini keçiriləcək növbəti tender müsabiqəsində fəal iştirak etməyə dəvət edir.

Regionlar 2022-06-24 14:30:00