×
A
A
A
Sazlamalar

SASMO beynəlxalq riyaziyyat olimpiadasında muxtar respublikadan 73 şagird qalib olub

Naxçıvan, 24 iyun, AZƏRTAC

Muxtar respublika məktəbliləri arasında ilk dəfə keçirilən SASMO beynəlxalq riyaziyyat olimpiadasında qalib olan məktəblilərə medal və sertifikatlar təqdim edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov olimpiada qaliblərini təbrik edib. Bildirib ki, əldə olunan uğurlu nəticə muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının, yaradılan müasir tədris şəraitinin nəticəsidir.
Vurğulanıb ki, müxtəlif olimpiadaların keçirilməsi istedadlı uşaqların üzə çıxarılmasında, şagirdlərdə fənlərə olan marağın artırılmasında, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrində mühüm rol oynayır. Olimpiadalarda iştirak şagirdlərdə özünə inam hisslərini gücləndirir.
“2021-2022-ci tədris ilində 2000-dən çox şagird muxtar respublika və respublika fənn olimpiadalarında, fənn müsabiqələrində iştirak edib. Olimpiadalarda 20 şagird qızıl, 35 şagird gümüş, 30 şagird isə bürünc medala, fənn müsabiqələrində isə 2 şagird qızıl, 3 şagird gümüş, 5 şagird bürünc medal qazanıb”, - deyən Rəhman Məmmədov qeyd edib ki, başa vurduğumuz son tədris ilində “Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadası”nda və “Amerikan Beynəlxalq Riyaziyyat müsabiqəsi” iştirakçılarından 29-u qızıl, 52-si gümüş, 80-nı isə bürünc medala layiq görülüb.
Bildirilib ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında ilk dəfə olaraq SASMO beynəlxalq riyaziyyat olimpiadasının keçirilməsində məqsəd şagirdlərin riyaziyyat fənninə marağını artırmaqdır. Həmin olimpiadada iştirak etmək üçün muxtar respublikanın ümumtəhsil məktəblərinin 1-11-ci siniflərindən 297 şagird qeydiyyatdan keçib. Onlardan 73-ü qalib olub. Təhsil naziri SASMO beynəlxalq riyaziyyat olimpiadasında qalib gələn şagirdləri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Təhsil Nazirliyi aparatının sektor müdiri Məmməd Bayramov çıxış edərək, olimpiadanın əhəmiyyəti və təşkilati işlər barədə məlumat verib.
Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin XI sinif şagird, SASMO beynəlxalq riyaziyyat olimpiadasında I yerin qalibi, gənc istedad Nicat Əlizadə muxtar respublikada şagirdlər üçün yaradılan müasir tədris şəraitinə görə dövlətimizə minnətdarlığını bildirib.
Sonra şagirdlərə medal və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, SASMO beynəlxalq riyaziyyat olimpiadasında 5 şagird qızıl, 14 şagird gümüş, 54 şagird isə bürünc medala layiq görülüb, digər iştirakçılara isə sertifikatlar verilib.

Regionlar 2022-06-24 12:11:00