Stoltenberq İsveç və Finlandiyanın NATO-ya tezliklə daxil olmasına zəmanət verə bilmir
Bakı, 23 iyun, AZƏRTAC
NATO-nun Baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına tezliklə üzv olacağına zəmanət verə bilmir.
AZƏRTAC xəbər verir ki, Yens Stoltenberq bu barədə “Politico” qəzetinin Brüsseldə təşkil etdiyi tədbirdə çıxış edərkən deyib.
“Mənim məqsədim İsveç və Finlandiyanın NATO-ya mümkün qədər tez üzv ola bilməsini təmin etməkdir. Lakin buna zəmanət verə bilmərəm”, - deyə alyansın Baş katibi bildirib. Yens Stoltenberq, eyni zamanda, Türkiyənin etirazlarına baxmayaraq iki şimal ölkəsinin NATO-ya daxil olması ilə bağlı nikbinliyini ifadə edib.
Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç Şimali Atlantika Alyansına daxil olmaq üçün rəsmi müraciət edib. Ankara isə terror təşkilatlarına münasibətlərini müəyyən edənə qədər bu ölkələrin NATO-ya üzvlüyünü dəstəkləməyəcəyini bildirib. İyunun 20-də Türkiyə, Finlandiya və İsveç rəsmiləri Brüsseldə NATO nümayəndələri ilə görüş keçirib. Yens Stoltenberq görüşü konstruktiv adlandırıb. O, həmçinin Ankaranın haqlı narahatlıqlarının olduğunu və danışıqların davam edəcəyini bildirib.
İstanbulda Türkiyənin ən böyük universitet kitabxanası istifadəyə verilib
2022-ci il İspaniyada yanğın üzrə bütün antirekordları qırıb
Omsk vilayətində beşmərtəbəli binanın bir hissəsi uçub
Misir hökuməti qaz və elektrik enerjisi istehlakında qənaət rejimi elan edib
Bolqarıstanda meşə yanğınları səbəbindən beynəlxalq əhəmiyyətli avtomobil yolu bağlanıb