×
A
A
A
Sazlamalar

Böyük Britaniyanın Baş naziri Boris Conson Ruandaya səfər edib

London, 23 iyun, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Boris Conson Ruandaya səfər edib.
AZƏRTAC xəbər verir ki, Birlik dövlətlərinin Hökumət başçılarının yığıncağında iştirak etmək üçün Ruandaya səfər edən Baş nazir Ruandanın Prezidenti Pol Kaqame ilə görüşüb.
Görüşdə Böyük Britaniya ilə Ruanda arasında mövcud tərəfdaşlıq, o cümlədən miqrasiya və iqtisadi inkişaf sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Həmçinin səfər zamanı Baş nazir paytaxt Kiqalidə keçirilən Birlik Biznes Forumunda iştirak edəcək daha sonra Britaniya şirkətləri və Krallıq tərəfindən dəstəklənən Afrika qitəsi azad ticarət sazişi və dayanıqlı aviasiya yanacağının gələcəyi ilə bağlı görüşlər keçirəcək.
İyun ayının 20-də başlayan Birlik dövlətlərinin Hökumət başçılarının yığıncağı iyunun 26-da bitəcək.
Qeyd edək ki, Böyük Britaniya ölkədəki bəzi qeyri-qanuni mühacirləri Ruandaya göndərmək üçün razılığa gəlmişdi. Lakin Birləşmiş Millətlər Təşkilatı (BMT) Böyük Britaniyanı bu prosesi dayandırmağa çağırıb. Avropa İnsan Haqları Məhkəməsi isə Böyük Britaniyadan Ruandaya iyunun 15-nə nəzərdə tutulan ilk uçuşu dayandırmışdı.


Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2022-06-23 15:54:00