×
A
A
A
Sazlamalar

Politoloq: Azərbaycan Avropanın enerji təhlükəsizliyində öz payını artıraraq mühüm rol oynaya bilər

Bakı, 6 iyun, AZƏRTAC

27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi həftəsinin ölkəmizdə keçirilməsi Azərbaycan üçün vacib, dövlət əhəmiyyətli bir hadisədir. Məlumdur ki, hazırda Ukrayna ərazisində müharibə davam etməkdədir. Bu da dünyanın geosiyasi, geoiqtisadi tranzit xətlərində dəyişikliklərin olduğu bir vaxtda Azərbaycanın nüfuzunu artırmaqdadır. Belə ki, ard-arda bir çox dövlət liderlərinin, müxtəlif ölkələrin nümayəndə heyətlərinin ölkəmizə səfərlərinin şahidi oluruq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov söyləyib.
Politoloq qeyd edib ki, qısa müddət ərazində Azərbaycanda davam edən silsilə sərgilər, festivallar xüsusi aktuallıq kəsb edərək son ayların ən vacib tədbirlərindən sayılır. Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Bayden də ölkəmizdə keçirilən Neft və Qaz Sərgisini yüksək qiymətləndirib. Bu münasibətlə Prezident Cozef Bayden dövlətimizin başçısına məktub göndərərək Azərbaycan-ABŞ münasibətlərinə, həmçinin ölkəmizin dünyanın enerji sektorundakı yerinə diqqət çəkib. Bundan əvvəl də bir neçə dəfə ABŞ Prezidenti dövlətimizin başçısına təbrik məktubu göndərərək iki dövlət arasında əlaqələrin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edərkən maraqlı və vacib məqamlara toxunduğunu deyən politoloq bildirib ki, dövlətimizin başçısı forumdakı çıxışı zamanı lazım olan istiqamətləri Avropa ölkələrinin diqqətinə çatdırıb.
“Azərbaycan Avropanın enerji təhlükəsizliyində öz payını artıraraq mühüm rol oynaya bilər. Əlbəttə ki, bunun üçün fəaliyyət istiqamətləri üzrə birgə hərəkət etmək lazımdır. Ölkəmizin bununla bağlı da böyük potensialı vardır. Azərbaycan öz təbii sərvətlərinin potensialından istifadə edərək yaxın aylar ərazində Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər. Bununla bağlı ciddi şəkildə müzakirələr aparılır. Hər bir halda Neft-Qaz Sərgisi böyük önəmə malikdir. Bir məqamı da qeyd edək ki, ilk Neft və Qaz sərgisi ümummilli lider Heydər Əliyevin dövründə 1994-cü ildə keçirilib. Bundan sonra hər il sərgilərin təşkili davam etdirilib. Azərbaycan kimi neft-qaz ölkəsi üçün bu cür tədbirlərin önəmi böyükdür. Belə ki, bu sərgilər vasitəsilə ölkəmizin dünya bazarına çıxışı xüsusi aktuallıq kəsb edir”,- deyə Z.Məmmədov vurğulayıb.

Energetika 2022-06-06 12:06:00