×
A
A
A
Sazlamalar

NDU-da memarlıq və robototexnika üzrə sərgi açılıb

Naxçıvan, 28 may, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş memarlıq və robototexnika üzrə sərgi açılıb.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetin rektoru Elbrus İsayev müstəqilliyin bərpasından keçən dövr ərzində müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, keçdiyi inkişaf yolundan söhbət açıb. Fakültədə keçirilən bu cür sərgilərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edən rektor diqqətə çatdırıb ki, artıq fakültədə gələcək hədəfləri nəzərə alınan Qeyri-səlis məntiq nəzəriyyəsi, Süni intellekt, Robototexnika və kodlama, Nanotexnologiya kimi yeni seçmə fənlər tədris olunur. O, Memarlıq və mühəndislik fakültəsi nəzdində yaradılan və bu il ilk dəfə tələbə qəbulu aparılan Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi ixtisaslarının üstünlüklərindən danışıb. Bildirib ki, ali təhsil ocağının beynəlxalq əməkdaşlıq məsələlərində, xarici ölkələrlə bağladığı müqavilələrdə sözügedən ixtisasların ikili diplom layihələrində iştirakı təmin olunub. Türkiyə universitetləri ilə bağlanan müqavilələrə əsasən, məhz mühəndislik ixtisaslarında ikili diplom sahəsində razılığa gəlinib və bu ixtisas üzrə təhsil alan tələbələr Ankara və Qazi universitetlərində təcrübə keçmək imkanı qazanıblar.
Sonra eskiz, memarlıq layihələri, xalçaçılıq ornomentlərinə dair əl işlərinin təqdim olunduğu sərgiyə baxış olub. Sərgi müəllim və tələbələrin birgə ərsəyə gətirdikləri əl işlərindən ibarətdir.
Sərgidə müxtəlif binaların eskizləri, hazır maketlər, birmərtəbəli, ikimərtəbəli, çoxmərtəbəli binaların layihələri, fakültənin gələcəkdə qurulması nəzərdə tutulan binasının da eskiz layihəsi nümayiş olunub. Memarlıq ixtisasının tələbələri sərgidə müxtəlif maketlər də təqdim ediblər.
Robototexnika sahəsinə dair sərgiyə 20-yə yaxın iş təqdim edilib. Tələbələrin hazırladıqları ağıllı şkaf, avtomobillərin məsafədən səslə idarə olunması, günəşin hərəkətinə doğru günəş paneli, verilən kodlara görə obyektlərin təsvirinin alınması adlı plotter (CNC) qurğusu, həmçinin yanğın olan zaman hadisənin baş verdiyi vaxtı və məkanı bildirən cihaz, müəyyən zaman rejiminə müvafiq olaraq avtomatik surətdə bitkilərin sulanması və quşların yemlənməsi qurğusu maraqla qarşılanıb. Avtomobil idarə edən zaman sürücülərin yatmağının qarşısını almaq üçün ağıllı eynək, gözdən əlillər üçün maneəni xəbər verən ağıllı əsa, avtopark dayanacaqlarda boş olan yerləri təyin etmək üçün avtomatik sxem layihələri də iştirakçıların diqqətini çəkib.
Sonda müəllim və tələbələrə hazırladıqları əl işlərinə görə diplom təqdim olunub.
Qeyd edək ki, NDU-nun tələbələri Robototexnika kabinəsində sxemotexnika və kodlaşdırma ilə də məşğul olurlar. Bu ixtisaslar üzrə təhsil alan tələbələr keçdikləri nəzəri biliklərlə bərabər kurs və sərbəst işlərini hazırladıqları layihələrə əsasən təqdim edirlər. Təyin olunmuş layihələr əsasında tələbələrə proqramlaşdırma və elektronika üzrə kurslar da təşkil olunur. Məhz bunun nəticəsidir ki, Elektronika və informasiya kafedrasının müəllimi, Robototexnika kabinəsinin müdiri Heydər Xəlilov Bakı şəhərində keçirilən “TEKNOFEST Azərbaycan” festivalının final mərhələsində “Smart Qarabağ” layihəsi ilə iştirak edir.

Regionlar 2022-05-28 18:38:00