×
A
A
A
Sazlamalar

Könül Nurullayeva: Zəngilanda əhalinin rifahı və rahat yaşaması üçün əlverişli infrastruktur qurulub

Bakı, 28 may, AZƏRTAC
Müstəqillik günü ərəfəsində Böyük Qayıdışa start verildi. Əvvəlcədən də planlaşdırıldığı kimi, ilk addım Zəngilanın Ağalı kəndində atıldı. “Ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühitinin yaradıldığı Ağalı kəndi 30 ildən sonra öz sakinlərini qarşılamağa hazırdır. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Əhalinin rifahı və rahat yaşaması üçün burada əlverişli infrastruktur qurulub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, Ağalı kəndinin müasir şəhər standartları səviyyəsində yenidən qurulması dövlətimizin gücünün, müstəqilliyimizin möhkəmlənməsinin təzahürüdür. Qarabağın bərpasını öz maliyyə imkanları hesabına aparan Azərbaycan bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi irimiqyaslı işlərə məhz özünün siyasi və iqtisadi müstəqilliyi sayəsində nail olub.
Zəngilanda beynəlxalq hava limanının da bu il istifadəyə veriləcəyini diqqətə çatdıran K.Nurullayeva deyib: “Zəngilanda istifadəyə veriləcək aeroport Qarabağın strateji baxımdan vacib nəqliyyat qovşağına çevrilməsini şərtləndirir. Bu, həm də Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Qarabağın bərpası konsepsiyasına uyğun olaraq, azad olunmuş ərazilərdə tarixi, dini və mədəni abidələr də orijinal üslubun qorunması şərtilə bərpa olunur. Təəssüf ki, digər ərazilərdə olduğu kimi, Zəngilanda da düşmən məscidlərimizdə donuz saxlayıb, onlardan tövlə kimi istifadə edib. 44 günlük müharibə həm də bu bəşəri irsə qarşı cinayətə də son qoydu. Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində bundan sonra əbədi olaraq azan səsi eşidiləcək”.
Deputat qeyd edib ki, dini və mədəni abidələrin bərpası ilə yanaşı, azad olunmuş ərazilərdə İşğal və Zəfər muzeyləri də yaradılır. Zəngilanın İşğal və Zəfər muzeyləri kompleksinə gələn hər kəs Ermənistanın işğal siyasətinin müharibənin məhz ətraf mühitə vurduğu dağıdıcı təsirləri barədə məlumat ala biləcək. “Artıq Zəngilanın Baş planı da hazırdır. Dövlətimizin başçısı qeyd etdi ki, Baş plan təsdiq olunandan sonra inşaat işlərinə start veriləcək. Eyni zamanda, bu il də investisiya proqramı təsdiq olunub və proqrama əlavələr də ediləcək”.
“Baş planın konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi şəhər yanaşmaları təşkil edir. Bu da 30 ildən sonra doğma yurduna qayıdan insanların normal həyat şəraitinin təmin olunmasına şərait yaradacaq”, - deyə Könül Nurullayeva vurğulayıb.

Siyasət 2022-05-28 13:45:00