×
A
A
A
Sazlamalar

Müstəqillik Günü Şəkidə təntənə ilə qeyd edilib

Şəki, 28 may, Mustafa Dadaşov, AZƏRTAC
Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhər rəhbərliyi, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Şəki Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da, onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər həyata keçirib, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edilib. Olduqca çətin bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı olub.
Ümummilli Liderin uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan E.Usubov dövlətimizin başçısının hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə, tarixinə böyük hörmət və ehtiramla yanaşdığını bildirib. Belə ki, 28 May – Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təntənə ilə qeyd edilir, Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə qoyulub, 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib və Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub.
Qırx dörd günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışan E.Usubov Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımızın uzun illərdən sonra 28 May - Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci ilə qeyd etdiyini xüsusi vurğulayıb.
Tədbir Şəki şəhər Uşaq İncəsənət Məktəbinin hazırladığı maraqlı konsert proqramı ilə davam edib.

Regionlar 2022-05-28 02:07:00