×
A
A
A
Sazlamalar

Daşkəsəndə Müstəqillik Günü münasibətilə tədbir təşkil olunub

Daşkəsən, 27 may, Elcan Məmmədov, AZƏRTAC

Mayın 27-də Daşkəsən Rayon İcra Hakimiyyətində 28 May - Müstəqillik Günü münasibətilə bayram tədbiri təşkil olunub. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və icra hakimiyyətinin əməkdaşları iştirak ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi yad edilib.
İcra başçısı Əhəd Abıyev çıxış edərək bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizdə böyük dəyəri olan əhəmiyyətli hadisədir. Əhəd Abıyev çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən hər il xalqımızın bu əlamətdar tarixi günü bayram kimi qeyd etdiyini vurğulayıb.
Digər çıxış edənlər də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, müstəqilliyimizin, milli dövlətçiliyimizin keçdiyi böyük şərəfli inkişaf yolundan danışıblar.
Əhəd Abıyev tədbirdə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına əsasən, həmin Komissiyanın üzvü kimi Daşkəsən Rayon İcra Hakimiyyətinin aidiyyəti dövlət qurumları və mütəxəssis tarixçilər, həmçinin rayon arxiv idarəsi ilə birgə Sərəncamın tələblərindən irəli gələn məsələlərin həllinə dair rayon ərazisində fəaliyyət göstərmək üçün işçi qrupların yaradılacağını və bu istiqamətdə müntəzəm işlərin aparılacağını qeyd edib.
Sonra icra başçısı Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən verilən tapşırıqlara və digər məsələlərə dair qarşıda duran vəzifələrlə bağlı təsdiq edilmiş Tədbirlər Planının yerinə yetirilməsi vəziyyətini müzakirə edib, inzibati ərazi dairəsi üzrə icra nümayəndələrinə, məsul vəzifəli şəxslərə görüləcək işlərin qısa məzmunu və onların icra müddəti barədə tapşırıqlarını verərək Tədbirlər Planının vaxtında, keyfiyyətlə və tam məsuliyyətlə yerinə yetirməklə nəticəsi barədə şəffaf arayışların təqdim olunmasını diqqətə çatdırıb. O, ev təsərrüfatlarının uçotu kitablarının və seçici siyahılarının dəqiqləşdirilməsi, yerlərdə vətəndaşların səyyar qəbulu və elektron müraciətlərin aparılmasının gücləndirilməsi, kadr məsələləri, habelə rayon İcra Hakimiyyəti yanında İctimai şuranın fəaliyyətinin təmin edilməsi, rayon əhəmiyyətli məsələlərdə ictimai dinləmələrin və müzakirələrin təşkilinə dair də tapşırıqlarını verib.

Regionlar 2022-05-27 23:34:00