×
A
A
A
Sazlamalar

Gəncə Dövlət Universitetində “Məzun günü” keçirilib

Gəncə, 27 may, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universitetinin (GDU) 5-ci tədris korpusunun qarşısında “Məzun günü” tədbiri təşkil olunub.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilib.
“Məzun günü” münasibətilə keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin rektoru, professor Yusif Yusibov çıxış edib. Rektor bu il universitetdən 1928 tələbə və magistrin məzun olduğunu diqqətə çatdıraraq, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, GDU-nun əldə etdiyi nailiyyətlərdən danışıb. Otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə böyük Qələbənin qazanılmasında gənclərin rolundan söz açan rektor Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın, o cümlədən GDU-nun 16 şəhid məzununun xatirəsinin daim əziz tutulduğunu qeyd edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar və müstəqil dövlətimizin daha da çiçəklənməsi naminə səy və bacarıqlarını əsirgəməməyi arzulayıb.
Türkiyənin Gəncədəki Baş konsulu, Zeki Öztürk, deputat Pərvin Kərimzadə, şəhid Rauf Əsgərovun anası Brilyant Əsgərova, GDU tələbəsi, 44 günlük Vətən müharibəsi qazisi Tural Zeynalov və başqaları məzunlara xoş arzularını çatdırıblar.
Universitetin ictimai-siyasi həyatında fəallıq göstərən, təhsildə fərqlənən bir qrup məzuna fəxri fərman təqdim olunub.
Sonra tədbirin bədii hissəsi başlayıb. Tədbir iştirakçıları səhnədə universitet tələbələrinin ifasında səsləndirilən “Azərbaycan”, “Azərbaycan bayrağı”, “Qalib sərkərdə” və sair qəhrəmanlıq mahnılarını, eləcə də rəqs qrupu üzvlərinin çıxışlarını alqışlarla qarşılayıblar.

 

 

Regionlar 2022-05-27 17:22:00