×
A
A
A
Sazlamalar

Avropa İttifaqında inflyasiyanın sonu olacaqmı?

Berlin, 27 may, AZƏRTAC
İnflyasiyanın elə bir yuxarı həddi varmı ki, o həddən sonra inflyasiya dayanmalıdır? Axı müəyyən hədd olmalıdır!
AZƏRTAC xəbər verir ki, heç də bayağı olmayan bu sual avropalıları, o cümlədən almanları get-gedə daha çox narahat etməyə başlayır. Qiymətlərin artması ümidsizlik həddinə çatıb. Son aylarda Almaniya cəmiyyətində bir məyusluq, biznes sektorunda özünə inamsızlıq və qeyri-müəyyənlik hökm sürür. İnvestorlar uzunmüddətli planlar qurmağa ehtiyat edirlər, çünki hər hansı sərmayə qoyuluşu düzgün hesablama aparılmasını tələb edir, lakin inflyasiya və qiymətlərin sürətlə artması buna imkan vermir.
Almaniya Federativ Respublikasında qida məhsulları və kommunal xidmətlər də daxil olmaqla hər şeyin qiyməti artıb. Almanlar artıq ehtiyat etməyə başlayıblar ki, yaxın gələcəkdə onların pulları hətta əsas qida məhsulları almağa belə çatışmayacaq. Son aylarda demək olar ki, bütün qida məhsulları bahalaşıb. İnsanların başqa alış-veriş üçün qalan pulları get-gedə azalır. Bu isə ailələrin maddi rifahına mənfi təsir göstərir. Artıq heç kəs şübhə etmir ki, yüksək qiymətlər Ukraynadakı vəziyyətlə birbaşa bağlıdır. Bu ölkədəki vəziyyət istehlakçıları əvvəlki kimi narahat edir.
Qiymətlərin artması alıcılıq qabiliyyətini aşağı salır. Mübaliğəsiz deyə bilərik ki, vəziyyət apogey həddinə çatıb. İstehlak mühitində məyusedici vəziyyəti daha da gərginləşdirən odur ki, koronavirus pandemiyasından sonra məhdudiyyətlərin ləğv edilməsi alıcıların əhvalına müsbət təsir göstərməyib.
Bütün bunların nə ilə nəticələnəcəyini bu gün Almaniyada bəlkə də heç kəs deyə bilməz. Ekspertlərin proqnozlarına inam azalır, ona görə də cəmiyyətdə belə proqnozlara şübhə ilə yanaşmağa başlayıblar.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2022-05-27 12:27:00