×
A
A
A
Sazlamalar

FHN-in Bakı və Sumqayıt Regional mərkəzləri “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib

Xırdalan, 25 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında Bakı və Sumqayıt Regional mərkəzlərinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında Xırdalan şəhərində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini general-mayor Məhərrəm Həsənov, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov çıxış edərək yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Bakı Regional Mərkəzi üzrə Yasamal rayon 31 saylı orta məktəb I yeri, Nizami rayon 229 saylı orta məktəbi II yeri, Nizami rayon 220 saylı orta məktəbi isə III yeri tutub. Sumqayıt Regional Mərkəzi üzrə isə Sumqayıt şəhər 43 nömrəli orta məktəbin komandası qalib olub. Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzə kubok və diplomlarla təltif olunub.
Qeyd edək ki, yarışda Bakı Regional Mərkəzi üzrə ilk 3 yerin sahibi və Sumqayıt Regional Mərkəzi üzrə qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Regionlar 2022-05-25 17:34:00