×
A
A
A
Sazlamalar

Texas ştatında ibtidai məktəbdə baş vermiş atışma nəticəsində həlak olanların sayı 21-ə çatıb

Vaşinqton, 25 may, AZƏRTAC

Texas ştatının Yuvalde şəhərindəki məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 19-u uşaq olmaqla 21-ə çatıb.
AZƏRTAC xəbər verir ki, Texasın İctimai Təhlükəsizlik Departamentinin təmsilçisi Erik Estrada bildirib ki, həlak olan uşaqların yaşı 7-9 aralığındadır. Digər iki nəfərdən birinin isə atəş açan şəxsin olduğu ehtimal edilir.
O, qeyd edib ki, yerli vaxtla saat 11:20 radələrində hüquq-mühafizə orqanlarına edilən zənglərə görə, Yuvalde şəhərinin 18 yaşlı sakini Salvador Ramos öz evində əvvəlcə nənəsini güllələyib, sonra isə qara rəngli “Pikap” maşını ilə məktəbə gedib. Bildirilir ki, Ramosun nənəsi sağ qalıb və hazırda ağır vəziyyətdədir. Nənəsini güllələyəndən sonra Ramos məktəbin yaxınlığında avtomobili binaya çırpıb.
Zəng edənlər hüquq-mühafizə orqanlarına deyiblər ki, onu “Pikap” avtomobilindən əlində tüfəng, bel çantası və hərbi geyimdə çıxarkən görüblər. 
Daxili Təhlükəsizlik Departamentinin sözçüsü bildirib ki, ABŞ Sərhəd Xidməti agentləri hadisə yerinə birinci çatan hüquq-mühafizə orqanları komandaları arasında olub və içəridə barrikada quran silahlı şəxslə atışıblar. Nəticədə, Sərhəd Xidmətinin əməkdaşları arasında bir nəfər yaralanıb. Onlardan birinin şübhəli şəxsi güllələyərək öldürdüyü gümün edilir.
Robb ibtidai məktəbində ikinci, üçüncü və dördüncü siniflərdə 600-ə yaxın şagird təhsil alır.
Bir neçə saat sonra ABŞ Prezidenti Co Bayden Ağ Evdən amerikalılara müraciət edərək onları silah lobbisinə qarşı mübarizə aparmağa çağırıb.

AZƏRTAC-ın Vaşinqton bürosu

Dünya 2022-05-25 04:00:00