×
A
A
A
Sazlamalar

Məhbubə Əliyeva: Şuşanın tarixi abidələrinin bərpası bir şuşalı kimi məni çox sevindirir VİDEO

Şuşa, 24 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Şuşa şəhəri işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Şəhərdə infrastruktur layihələri ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşada bərpasına başlanılan memarlıq abidələrindən biri də Şirin su hamamıdır. Xan qızı Xurşidbanu Natəvan bu hamamı 1878-1880-ci illərdə Qarabağın zəngin tacirlərindən olan Hacı Rzaqulu bəy Ağakişi bəy oğlu Şəmsiyev ilə birlikdə Bazarın yanında, Merdinli məhəlləsinin girişində tikdirib. Hamamın layihəsini memar Kərbəlayi Səfixan Qarabaği verib. Şirin su hamamı Xan qızı Natəvanın hələ 1873-cü ildə Şuşaya saxsı borularla çəkdirdiyi içməli su ilə işlədiyindən Şirin su hamamı adlandırılıb. Şirin su hamamı 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal edilənədək təyinatı üzrə fəaliyyət göstərib. İşğal dövründə digər bütün abidələrimiz kimi bu qədim hamam da erməni vandalizminə məruz qalıb.
Hazırda Heydər Əliyev Fondu tərəfindən Şuşadakı bir sıra tarixi-memarlıq abidələrində, o cümlədən Şirin su hamamında bərpa işləri görülür. Şuşadakı memarlıq abidələrinin bərpası, şəhərin tarixi görkəminin özünə qaytarılması istiqamətində görülən işlər şuşalılar tərəfindən rəğbətlə qarşılanır.
30 ildən sonra ilk dəfə olaraq doğma şəhərinə gələn Məhbubə Əliyeva böyük sevinc və qürur hissi keçirdiyini, eyni zamanda, şəhərin erməni vandalizminə məruz qalmasını görüb kədərləndiyini bildirib: “30 ildən sonra ilk dəfədir Şuşaya gəlirəm. Həm sevinirəm, həm də kədərlənirəm. Şuşada çox duyğulandım, eyni zamanda, qürurlandım. Ona görə ki, burada abadlıq işləri görülür, abidələr bərpa olunur, Şuşanın tarixi görkəmi özünə qaytarılır. Amma Şuşanın erməni vandalizminə məruz qalması məni çox sarsıdır”.
Məhbubə xanım bildirib ki, evləri Şuşanın Mərdinli məhəlləsində olub. Uşaqlığı və gəncliyi bu məhəllədə keçib. O, Şuşadakı tarixi tikililərin, o cümlədən Şirin su hamamının bərpa olunmasına görə məmnunluğunu ifadə edərək deyib: “Şuşanın 17 məhəlləsi olub. Hər məhəllənin özünün hamamı və məscidi olub. Bizim dayandığımız bu məhəllə Mərdinli məhəlləsi adlanır. Şirin su hamamının yanındayıq. Şirin su hamamının tikintisi 1880-ci ildə başa çatıb. Xurşidbanu Natəvanın təşəbbüsü ilə tikilib. Hamamda onun Şuşaya çəkdirdiyi şirin sudan istifadə olunub. Hamamın iki körpüsü var. Biri qadınlar, digəri kişilər üçün nəzərdə tutulub. Qadınlar üçün olan bölmədə böyük hovuz da var. Mənim yadıma gəlir, bura “Məşədi İbadın hamamı” da deyilərdi. Şuşadakı abidələrin, o cümlədən Şirin su hamamının vandalizmə məruz qalması mənə çox ağır gəlir. Ancaq bu gün Şuşanın tarixi görkəmi bərpa edilir. Bu da bir şuşalı kimi məni çox sevindirir”.
Ermənilərin tariximizə qənim kəsildiyini deyən Məhbubə Əliyeva qeyd edib ki, ermənilər hələ sovetlər dövründə də Şirin su hamamını dağıtmaq istəyiblər. “Ermənilər bizim tariximizə həmişə qəsd ediblər. Tariximizi silmək üçün ilk olaraq abidələrimizdən başlayıblar. Hələ sovetlər dövründə Şirin su hamamını da söküb dağıtmaq istəyirdilər. Amma yerli əhalinin təşəbbüsü ilə hamamın içərisi torpaqla dolduruldu, beləliklə, hamam olduğu kimi qaldı. 1986-cı ildə hamamda bərpa işləri aparılaraq istifadəyə verildi. 1992-ci ildə Şuşa işğal edildikdən sonra hamam yenidən vandalizmə məruz qaldı. Çox sevinirəm ki, bu gün Heydər Əliyev Fondu tərəfindən digər abidələr kimi Şirin su hamamı da bərpa edilir. Mən bərpa-quruculuq işlərinə baxıb qürurlanıram, sevinirəm. Ona görə ki, Şuşanın tarixi görkəmi özünə qaytarılır. Buna görə də Prezident İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm”.

Regionlar 2022-05-24 16:52:00

Video