×
A
A
A
Sazlamalar

QUAD liderləri iqtisadi inkişaf, iqlim dəyişmələri və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlıq edəcəklər

Tokio, 24 may, AZƏRTAC

QUAD liderləri iqtisadi inkişaf, iqlim dəyişmələri və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlıq edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida mayın 24-də Tokioda ABŞ, Hindistan, Yaponiya və Avstraliya liderlərinin iştirakı ilə keçirilən QUAD sammitindən sonra təşkil edilən mətbuat konfransında məlumat verib.
Baş nazir təhlükəsizlik məsələlərindən danışıb, gözlənilən təhdidlərdən narahatlığını ifadə edib.
F.Kişida danışıqlar zamanı təhlükəsizlik, müdafiə və kosmos məsələlərinə toxunulduğunu da bildirib.
“Hind-Sakit okean regionu tez-tez təbii fəlakətlərdən ziyan çəkir və region ölkələrinin çoxu iqlim dəyişmələrinə qarşı həssasdır. Kosmos sahəsinə gəlincə isə, biz dörd ölkə tərəfindən toplanan süni peyk məlumatlarının regionun digər ölkələrinə verilməsi barədə də razılığa gəldik”, - deyə Baş nazir bildirib.
F.Kişida əlavə edib ki, bu proqramla yanaşı, liderlər təbii fəlakətlərə qarşı mübarizə üçün digər ölkələrə yardım etmək barədə də razılığa gəliblər.
Avstraliyanın yeni Baş naziri Entoni Albaneze isə QUAD-ın növbəti sammitinin gələn il onun ölkəsində təşkil olunmasını təklif edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

 

Dünya 2022-05-24 14:43:00