×
A
A
A
Sazlamalar

Tokioda QUAD liderlərinin sammiti öz işinə başlayıb

Tokio, 24 may, AZƏRTAC

Mayın 24-də Tokioda Yaponiya, ABŞ, Hindistan və Avstraliya liderlərinin iştirakı ilə Təhlükəsizlik Üzrə Dördtərəfli Dialoq (QUAD) sammiti öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, sammitin açılışı Yaponiyanın milli televiziyası ilə birbaşa yayımlanıb.
Sammiti açmaqdan məmnun olduğunu qeyd edən Yaponiyanın Baş naziri deyib: “Mən ABŞ, Hindistan və Avstraliya liderlərini Tokioda QUAD sammitində salamlamaqdan məmnunam. Biz açıq və azad Hind-Sakit okean regionun formalaşmasına çağırırıq. Regionda geniş əməkdaşlığın inkişafına tərəfdaşıq və xüsusən də Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələri ilə ümumi problemləri müzakirə etməyə hazırıq”. Bu problemlər sırasında isə o, iqlim dəyişmələri, okeanda vəziyyət və humanitar məsələləri qeyd edib.
Ukrayna ətrafında vəziyyətə toxunan Yaponiyanın Baş naziri bildirib ki, Rusiyanın hərəkətləri BMT Nizamnaməsinin prinsiplərinə birbaşa təhdiddir. Belə hərəkətlərin Hind-Sakit okean regionunda təkrarlanmasına yol vermək olmaz.
Sammitdə salamlama çıxışı edən Avstraliyanın Baş naziri Entoni Alabaneze dördtərəfli dialoq çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Avstraliya üçün QUAD çərçivəsində regionun təhlükəsizliyi və qlobal iqlim dəyişmələrinə qarşı mübarizənin önəmini qeyd edib. “Avstraliya hökuməti qlobal istiləşmə ilə əlaqədar öz üzərinə daha iddialı öhdəliklər götürməyə hazırdır və 2030-cu ilədək emissiyaları 43 faizədək, 2050-ci ilədək isə sıfır səviyyəyə endirmək üçün lazımi addımları atacaq”, - deyə Baş nazir bildirib.
Hindistanın Baş naziri Narendra Modi isə qeyd edib ki, QUAD səviyyəsində bizim qarşılıqlı əməkdaşlığımız nəticəsində azad, açıq və inklüziv Hind-Sakit okean regionu möhkəmlənir: “Bu, bizim üçün ümumi məqsəddir. Bizim qarşılıqlı etibarımız və qərarlılığımız demokratik ölkələrə yeni enerji və ruh yüksəkliyi verir. Nəticədə QUAD çox qısa zaman kəsiyində bütün dünyada mühüm yer tutub”.
Sammitdə çıxış edən ABŞ Prezidenti Co Bayden deyib: “Bizim tərəfdaşlığımız məqsədlərimizə çatmaq üçün mühüm əhəmiyyətə malikdir. Qarşımızda regionda sülhü və sabitliyi qorumaq, bu və qarşıda gözlənilən digər pandemiyalarla, iqlim böhranı ilə mübarizə aparmaq, həmçinin gələcək texnologiyaların dəyərlərimizə uyğun şəkildə tənzimlənməsini təmin etmək kimi çox böyük vəzifələr dayanır”. ABŞ Prezidenti əlavə edib ki, rəhbərlik etdiyi hökumət Ukraynada vəziyyətlə bağlı ərzaq böhranı yaranacağı təqdirdə tərəfdaşlarla əməkdaşlığa hazırdır.
Bildirilir ki, sammitin gedişində regional təhlükəsizlik, azad və açıq Hind-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsi üçün dördtərəfli əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlərin əsas müzakirə mövzusu olacağı gözlənilir.
Əlavə olaraq qeyd edək ki, QUAD Asiya-Sakit okean regionunda və Hind okeanı zonasında qarşılıqlı fəaliyyət mexanizmi kimi 2007-ci ildə təsis edilib. 2017-ci ilin noyabrında dörd ölkə Hind-Sakit okean regionunda vacib gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək strategiyası çərçivəsində yeni koalisiya formalaşdırıb. Avstraliya, ABŞ, Hindistan və Yaponiya xarici işlər nazirlərinin ilk dördtərəfli görüşü 2019-cu ilin sentyabrında Nyu-Yorkda keçirilib. 2021-ci ilin martında isə QUAD liderlərinin ilk sammiti baş tutub. Koronavirus pandemiyası ilə əlaqədar həmin sammit virtual formatda keçirilib. QUAD liderlərinin ilk əyani sammiti isə ötən ilin sentyabrında Vaşinqtonda təşkil olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2022-05-24 10:20:00