×
A
A
A
Sazlamalar

Cənubi Koreya epidemiya ilə mübarizədə əməkdaşlıq üçün Pxenyandan cavab gözləyir

Pekin, 23 may, AZƏRTAC

Cənubi Koreya epidemiya ilə mübarizədə əməkdaşlıq üçün, habelə humanitar yardım, tibbi ləvazimat və COVID-19 virusuna qarşı vaksin göndərilməsinə dair təklifinə Pxenyandan cavab gözləyir.
AZƏRTAC xəbər verir ki, Cənubi Koreyanın Milli Birlik Nazirliyi son günlərin epidemik vəziyyətin ağırlaşdığı Şimali Koreyaya birbaşa və ya beynəlxalq təşkilatlar vasitəsilə tibbi ləvazimat göndərməklə bağlı mövqeyinə sadiq qaldığını, amma hələ Pxenyanın məsələyə heç bir reaksiya vermədiyini açıqlayıb. Nazirlik ötən həftə əlaqələndirici ofisin faks vasitəsilə Pxenyana mesaj göndərməyə cəhd edib. Amma hələ ki, qarşı tərəfdən cavab yoxdur. Hətta mayın 23-də həftəlik telefon danışığı zamanı Cənubi Koreyanın təklifi qarşı tərəfin diqqətinə çatdırılsa da, Şimali Koreyadan olan əlaqələndirici şəxs məsələyə reaksiya verməyib və telefon danışığını dayandırıb.
Qeyd edək ki, uzun müddət ölkədə СOVID-19 virusunun olmadığını bəyan edən, hətta COVAX proqramı çərçivəsində vaksinlərdən də imtina edən rəsmi Pxenyan mayın 12-də virusa ilk yoluxmalar barədə açıqlama verib. Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) agentliyi ötən sutka daha 167 min 650 nəfərdə qızdırma əlamətlərinin aşkarlanması, bir nəfərin ölməsi barədə məlumat yayıb. Agentlik ilk yoluxma hallarından bəri 2,81 milyon nəfərdə qızdırma aşkarlandığını açıqlasa da, neçə nəfərin koronavirus testinin cavabının pozitiv olması barədə məlumat verməyib. Yoluxanların 2,33 milyon nəfəri sağalıb, 68 nəfər isə xəstəlikdən ölüb.
Cənubi Koreyanın Milli Birlik Nazirliyi epidemik vəziyyətlə əlaqədar müzakirələr aparmaq üçün işçi səviyyədə məsləhətləşmələrə can atır. Seul epidemiya ilə mübarizə üçün Şimali Koreyaya tibbi ləvazimatlar və virusa qarşı peyvənd göndərməyə hazır olduğunu bəyan edib. Əgər Pxenyan təklifi qəbul edərsə, Cənubi Koreya dərhal əməli işə keçməyə başlayacağını bildirib.
Ötən həftə Cənubi Koreyada rəsmi səfərdə olan ABŞ Prezidenti Cozef Bayden həmkarı Yun Sok Yol ilə keçirdiyi birgə mətbuat konfransında Vaşinqtonun da Şimali Koreyaya vaksin təklif etdiyini açıqlayıb.

 

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2022-05-23 18:16:00