×
A
A
A
Sazlamalar

Türkiyə və Finlandiya prezidentləri arasında telefon danışığı olub

İstanbul, 21 may, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Finlandiya Prezidenti Sauli Niinistö arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən açıqlama verilib.
Bildirilib ki, danışıq əsnasında iki ölkə arasındakı əlaqələr və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciəti müzakirə olunub.
Prezident Ərdoğan NATO daxilində bir müttəfiq üçün təhlükə yaradan terror təşkilatlarını görməzdən gələn anlayışın dostluq və müttəfiqlik ruhu ilə bir araya sığmadığını bildirib.
Prezident Ərdoğan qeyd edib ki, milli təhlükəsizliyi və xalqına yönələn açıq təhlükəyə qarşı apardığı qanuni və qətiyyətli mübarizəyə hörmətlə yanaşılması və dəstək göstərilməsini gözləmək Türkiyənin ən təbii haqqıdır.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-05-21 18:21:00