×
A
A
A
Sazlamalar

Şuşada Milli Məclisin iki komitəsinin birgə dinləmələri keçirilib

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Milli Məclisin Gənclər və idman, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə dinləmələri keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbiri açan Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev iclas iştirakçılarını azad Şuşada salamlamaqdan qürur duyduğunu bildirib. O, Milli Məclisin komitələrinin iclaslarının və dinləmələrinin Şuşada keçirilməsinin ənənəyə çevrilməsini əlamətdar hadisə kimi dəyərləndirib.
Adil Əliyev bildirib ki, gündəlikdə iki məsələ var. Birinci məsələ “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi”, ikinci məsələ isə “Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları”dır.
Gündəliyin birinci məsələsi haqqında danışan Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamında Şuşa sevgisinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğu vurğulanıb. Adil Əliyev bildirib ki, Prezidentin bu tezisini gənclərimizin və ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi istiqamətində əsas prinsip kimi rəhbər tutulmalıdır. “Maarifləndirmə işlərində Şuşanın və Şuşa sevgisinin niyə hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz hissəsi olması məsələsinə böyük önəm verməli, xüsusilə xaricdə ölkəmizi təmsil edən idmançılarla bu mövzuda iş aparmalıyıq. Qeyd olunan suala cavab verilməsində və maarifləndirmə işinin məzmununun hazırlanmasında Prezidentin digər bir tezisi açar rolu oynamalıdır. Dövlətimizin başçısı bildirir ki, “bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır”. Şuşanı bizim mənəvi varlığımızın bir hissəsinə çevirən, mənəviyyatımıza hopduran onun bizə bəxş etdiyi böyük şəxsiyyətləridir. Şuşanın qurucusu Pənahəli xandan, Molla Pənah Vaqifdən, Xurşidbanu Natəvandan tutmuş Üzeyir Hacıbəyliyə, Əbdürrəhim bəy Haqverdiyevə, Barat Şəkinskayaya, Rəşid Behbudova, nəhayət, bütün türk dünyasının ən parlaq intellekt sahiblərindən bir olan Əhməd bəy Ağaoğluna qədər hər birinin həyatı və qoyub getdiyi irs gənc nəsillərə tam çatdırılmalıdır”, - deyə A.Əliyev vurğulayıb.
O, ümummilli lider Heydər Əliyevin Şuşanın tarixində və taleyində oynadığı misilsiz roldan danışaraq şəhərdə Vaqifin məqbərəsinin yaradılmasının Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirildiyini, bu məsələnin mahiyyətinin gənclərə çatdırılmasının əhəmiyyətini qeyd edib.
Çıxışının sonunda Adil Əliyev vurğulayıb ki, gənclərin və idmançıların maaraifləndirilməsi işində Prezident İlham Əliyevin müvafiq Sərəncamında qeyd olunan tezislər rəhbər tutulmalıdır. Milli Məclis sədrinin müavini bu işin həyata keçirilməsi üçün diqqət yetirilməli olan əsas məqamlara da toxunub.
Sonra gündəlikdəki “Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları” mövzusundakı dinləmələrlə bağlı çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova diqqətə çatdırıb ki, Azərbaycanın bu qədim diyarı yeraltı və yerüstü sərvəti, təbiəti, tarixi-dini abidələri ilə yanaşı, həm də mədəni dəyərləri, ailə ənənələri ilə zəngindir. Bu dəyərlər nəsildən-nəslə keçərək bu günə qədər gəlib çatıb. Hicran Hüseynova ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafına mühüm töhfələr vermiş qarabağlı qadınlar - Gövhər ağa, onun bacısı Ağabəyim Ağa, Xurşidbanu Natəvan, Həmidə xanım Cavanşir, Əhməd bəy Ağaoğlunun iki qızı - Sürəyya Ağaoğlu, Tezer Taşqıran, məşhur pediatr Adilə Namazova və digərlərinin xidmətlərindən danışıb. Bildirib ki, bu misallar Şuşanın dünya mədəniyyətinə, elminə, siyasətinə görkəmli şəxslər bəxş etmiş Azərbaycan torpağı olduğunu sübuta yetirir. Ermənilər Qarabağın, Şuşanın qədim erməni torpağı olduğunu deyirlər. Amma bir nəfər təhsil almış, savadlı erməni qadının adını çəkə, erməni ailə dəyərlərinə aid bir nümunə göstərə bilmirlər. Çünki belə bir nümunə yoxdur, ermənilər buraya gəlmədirlər. Tarixdən də məlumdur ki, bu, hansı şəraitdə baş verib. Onlar Qarabağda, Zəngəzurda, Göyçədə, İrəvanda ancaq dağıtmaqla, Azərbaycana məxsus dəyərləri məhv etməklə, azərbaycanlıları qətlə yetirməklə, kütləvi deportasiyaya məruz qoymaqla məşğul olub, tarixi saxtalaşdırıblar. Ona görə də bu gün biz ailə dəyərləri, qadın və uşaq hüquqlarından danışanda iki məsələyə xüsusi diqqət verməliyik. Birincisi, malik olduğumuz tariximizi, ailə dəyərlərimizi, insan hüquqları, o cümlədən qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı tarixi faktları təbliğ etməliyik, bu sahədə fəaliyyətimizi daha da gücləndirməliyik. İkincisi isə bütün yerli və xüsusilə beynəlxalq səviyyəli tədbirlərdə ermənilərin törətdikləri humanitar, ekoloji, tarixi, iqtisadi terroru dünya ictimaiyyətinə çatdırmalıyıq.
İclasda dinləmələrin mövzuları ilə bağlı çıxış edən Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, deputatlar Pərvin Kərimzadə, Tamam Cəfərova, Etibar Əliyev, Rəşad Mahmudov, Mahir Abbaszadə, Ramin Məmmədov, Sevinc Hüseynova, Cavid Osmanov, Sədaqət Vəliyeva, Ramil Həsən, Sevil Mikayılova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev torpaqlarımızın azad olunmasında ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasətin rolu, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədə Azərbaycan gənclərinin və qadınlarının rolu, xalqımızın ailə dəyərləri, Şuşanın Azərbaycan tarixindəki yeri, bu şəhərin işğaldan azad olunmasında hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıb, Şuşada Milli Məclisin komitə iclaslarının keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Komitələrin birgə iclasında deputatlardan Ülvi Quliyev, Jalə Əhmədova, Nigar Arpadarai, Könül Nurullayeva, Cəbi Quliyev və Milli Məclis Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdiri Gülnarə İsmayılova, həmçinin parlamentin digər məsul əməkdaşları iştirak ediblər.

Siyasət 2022-05-21 17:29:00