×
A
A
A
Sazlamalar

Tədqiqatçı-alim Raqub Kərimovun 75 illiyi qeyd edilib

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da Azərbaycan Yazıçılar Birliyində filologiya elmləri doktoru, professor Raqub Kərimovun anadan olmasının 75 illiyi münasibətilə tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi İlqar Fəhmi professor Raqub Kərimovun elmi və pedaqoji fəaliyyəti və qazandığı uğurlardan danışıb.
Qeyd olunub ki, o, 1982-ci ildə “XIX əsrin ikinci yarısı farsdilli Azərbaycan poeziyası” mövzusunda namizədlik, 2017-ci ildə “Qasım bəy Zakir: həyatı, dövrü, mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. O, “Farsdilli Azərbaycan poeziyası (XIX əsərin II yarısı) və “Qasım bəy Zakir və müasirləri” monoqrafiyalarının, “Abdulla bəy Asinin həyat və yaradıcılığı” və digər elmi əsərlərin müəllifidir.
Yubiley mərasimində akademik Teymur Kərimli çıxış edərək professoru 75 illik yubileyi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.
Akademik Möhsün Nağısoylu alimin elmi axtarışlarını yüksək qiymətləndirib və onun elmi irsinin öyrənilməsinin vacibliyini vurğulayıb.
Professorlar Paşa Kərimov, Yaqub Babayev, yazıçı-publisist Mustafa Çəmənli və başqaları çıxış edərək professor Raqub Kərimovun elmi və pedaqoji fəaliyyətini əlaqələndirmə bacarığından danışıblar və yubilyara ən xoş arzularını çatdırıblar.
Professor Raqub Kərimov tədbirin təşkilatçılarına və mərasim iştirakçılarına təşəkkür edib, yaradıcılığına verdikləri yüksək dəyərə görə minnətdarlığını bildirib.

 

Mədəniyyət 2022-05-19 17:48:00