×
A
A
A
Sazlamalar

Zəngilan rayonunun Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir

Bakı, 16 may, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi Zəngilan rayonu ərazisində də “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılır.
ASC-dən AZƏRTAC-a bildirilib ki, rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində kəndin elektrik enerjisi ilə təminatı üçün 35 kV-luq müasir hava veriliş xətti çəkilir.
Həyata keçirilən digər böyük layihə isə Zəngilanda tikintisi davam edən beynəlxalq hava limanının elektrik enerjisi ilə təchiz edilməsidir. Hava limanına ikidövrəli, 35 kV-luq, tam izolyasiyalı elektrik xətti çəkilir.
Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin mühafizə zonası (3-6 metr) mövcud xətlərə (30-40 metr) nisbətən 6-10 dəfəyə qədər azdır. 35 kV-luq mövcud naqillərdə texniki itkilər 9-12 faiz olduğu halda, müasir tipli izolyasiya olunmuş kabellərdə 3,5-4 faiz təşkil edir. Şəbəkələrin saxlanma xərcləri 100 faizdən 30 faizə, illik mal-material sərfi 100 faizdən 25 faizə endirilir, xidmət müddəti 2 dəfə azalır. İzolyasiya olunmuş kabellərdə qəza açılmalarının sayı və müddəti mövcud naqil xətləri ilə müqayisədə 60 faizədək azdır. Planlı açılmalar (şəbəkələrə xidmət, təmir, profilaktik baxış və s.) müddəti mövcud xətlərə nisbətən 75 faiz azdır. Yüksək gərginlik xətlərinin bilavasitə altında və yaxınlığında yerləşən yaşayış və əkin sahələrinin, ümumilikdə, sakinlərin yaşayış və fəaliyyət təhlükəsizliyi dəfələrlə artır, təbiət hadisələrinin elektrik veriliş xətlərinə təsiri aradan qaldırılır.
Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin istifadəsi ümumilikdə ölkənin enerji sisteminin dayanıqlıq, etibarlıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkan verir. Eyni zamanda, bu növ kabel xətlərinin istənilən mühitdə: yeraltı, sualtı və hava ilə çəkilişi mümkünlüyü işğaldan azad edilmiş ərazilərdə qurulan 35/0,4 kV-luq innovativ paylayıcı şəbəkələrin istismarını asanlaşdırmaqla yanaşı, dayanıqlı işini də tam təmin edəcək.

 

Energetika 2022-05-16 16:58:00