×
A
A
A
Sazlamalar

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açıb.
AZƏRTAC xəbər verir ki, ənənəvi iftar mərasimində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dini icmalara dövlət qayğısını, Prezident İlham Əliyevin himayəsini və diqqətini yüksək dəyərləndirib. A.Paşazadə bütün səmavi dinlər üçün mübarək olan bu günlərdə dindarların Azərbaycan dövlətinin həyatın bütün sahələrində müzəffər siyasətinin davamlı uğurlarına, Prezident İlham Əliyevin dövlətçiliyimizin mənafeləri, xalqımızın rifahı naminə dəyərli səy və əməllərinə, azad Qarabağda dini-mənəvi irsimizin dirçəldilməsi, genişmiqyaslı quruculuq işləri yönündə misilsiz fəaliyyətinə Uca Rəbbimizin rəvac verməsi üçün dualar edildiyini vurğulayıb. QMİ sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizdə və beynəlxalq aləmdə genişmiqyaslı fəaliyyətinin, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğ etməsinin, ümumbəşəri dəyərlərə diqqətinin və himayəsinin Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsinə xidmət etdiyini, dünyaya təqdim olunan Azərbaycan modelinin sivilizasiyalararası dialoqa, dinlər və mədəniyyətlərarası əməkdaşlığın inkişafına öz töhfəsini verdiyini diqqətə çatdırıb. Bildirilib ki, işğal dövründə vandalizmə məruz qalmış bütün dinlərə məxsus dini abidələr, məbədlər Azərbaycan dövləti tərəfindən böyük diqqət və qayğı ilə bərpa edilir və yenidən qurulur.
Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyəsini rəğbətlə qeyd edərək, bu amilin bütün dini icmaların fəaliyyətinə dəstək və diqqətdə ifadə olunduğunu, dini-mənəvi həyatımızda hökm sürən dinlərarası harmoniyanı gücləndirdiyini diqqətə çatdırıb. QMİ sədri dünya azərbaycanlılarının Zəfər Qurultayının Şuşada keçirilməsini milli birlik və mənəvi həmrəyliyimizin ən gözəl nümunəsi adlandırıb.
Dünyanın müxtəlif nöqtələrində dini məkan və rəmzlərin təhqir olunması hallarının, o cümlədən Ramazan ayında İsveçdə, Danimarkada “Qurani-Kərim”in yandırılmasına cəhd hallarını, habelə Qüdsdə baş verən qarşıdurmaları qətiyyətlə pisləyən A.Paşazadə dini heysiyyətdən siyasi məqsədlər üçün sui-istifadə edilməsinin yolverilməzliyini və bütün dinlərin liderləri tərəfindən birmənalı şəkildə qınanılmalı olduğunu bildirib.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini Şneor Seqal və Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili çıxışlarında hər ilin Ramazan ayında ənənəvi səciyyə daşıyan iftar mərasiminin bu il yəhudilərin Pesax, xristianların Pasxa bayramları ilə eyni vaxta təsadüf etdiyini bildirərək, bunu Uca Yaradanın lütfü kimi dəyərləndirib, belə mübarək məqamda qardaşlıq süfrəsi ətrafında bir araya gəlmələrinin Azərbaycanın örnək multikultural həyat reallığı olduğunu xüsusi qeyd ediblər. “Qurani-Kərim”in, Tövratın, İncilin nazil edilməsinin Ramazan ayına təsadüf etməsinin səmavi din ardıcıllarını birləşdirən məqamlar sırasında mühüm olduğunu bildirən dini konfessiya rəhbərləri Azərbaycanda mehriban qardaşlıq, bir ailənin üzvləri kimi yaşamalarını bəşəri əhəmiyyət daşıyan dinlərarası qarşılıqlı anlaşma və birgəyaşayış nümunəsi kimi qiymətləndiriblər.
Dini konfessiya rəhbərləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın regiondakı yeni reallıqlarını bütün dünyaya bəyan etdiyini bildiriblər.
Dini icma rəhbərləri bu ənənəvi iftar mərasiminin pandemiya bitdikdən sonra Prezident İlham Əliyevin iştirakı ilə keçirilməsini arzulayıblar.
İftar mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə Uca Yaradandan rəhmət dilənib, dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan şəhidinin qəlblərimizdə uca məqamda olması qeyd edilib.
İftar mərasimi dini konfessiya rəhbərlərinin birgə duaları ilə başa çatıb.

Din 2022-04-24 22:37:00