×
A
A
A
Sazlamalar

Fuad Muradov: Vətən müharibəsindəki tarixi Zəfərdən sonra xaricdəki Azərbaycan diasporu yeni mərhələyə qədəm qoyub

Şuşa, 23 aprel, AZƏRTAC
Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan dövləti kimi, xaricdəki Azərbaycan diasporu da yeni mərhələyə qədəm qoyub. Təbii ki, amalımız birdir, dəyişməyib və dəyişməyəcək – Azərbaycanın regionda və dünyada daha da güclü, qüdrətli dövlətə çevrilməsi və tanıdılması, yaşadıqları ölkələrdə dövlətimizin imicinin gücləndirilməsi, xalqlar arasında dostluğun gücləndirilməsi. Postmüharibə dövründə diaspor artıq yeni metod və yanaşmalar ortaya qoymalıdır. Buraya, ilk növbədə, lobbi quruculuğu istiqamətində fəaliyyətin gücləndirilməsi, dost ölkə və xalqların, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor təşkilatları ilə əlaqələrin dərinləşdirilməsi, yeni texnologiyalardan istifadə etməklə diaspor hərəkatının gücləndirilməsi daxildir. Bundan başqa, uzun illərdir xaricdə çalışan azərbaycanlı alimlər, həkimlər topladıqları təcrübəni ölkəmizin inkişafına sərf etməli, Vətəndəki həmkarları ilə daha çox təcrübə mübadiləsi aparmalıdırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimindəki çıxışında bildirib.
Komitə sədri deyib ki, qarşıda duran problemləri aradan qaldırmaq üçün diaspor təşkilatları arasındakı koordinasiyanı gücləndirmək, yerli cəmiyyətlərdə inteqrasiya məsələlərinə diqqət yetirmək, ictimai-siyasi inkişafa nail olmaq, xarici KİV-lə əlaqələri intensivləşdirmək, şəxsi mənafeni milli mənafedən üstün tutmaq, mənəm-mənəmlik prinsipləri kimi hallara son qoymaq, lobbiçilik fəaliyyətini gücləndirməklə dövlət və hökumət orqanlarına təsir imkanlarını artırmaq qarşımızda həllini gözləyən əsas məsələlərdəndir.
“Gələcək fəaliyyət proqramımızda əsas yeri milli dövlətçiliyimizin intibah dövrü – Zəfər mərhələsində Azərbaycan diasporunu Qarabağın dirçəlişi prosesinə cəlb etmək tutur. Məqsəd dünya azərbaycanlılarının, soydaşlarımızın və həmvətənlərimizin, habelə Azərbaycana dost münasibət bəsləyən diasporların nümayəndələrinin diqqət və qayğısı Qarabağın quruculuğuna yönəlməsi, ayrı-ayrı dövlətlərdə fəaliyyət göstərən Azərbaycan diasporunun birbaşa və dolayısı ilə iştiraka sövq edilməsi, müxtəlif ölkələrdə böyük biznes imkanlarına malik azərbaycanlıların buraya - Ana Vətənə sərmayə qoymasıdır. Bunun üçün İqtisadiyyat Nazirliyi ilə birgə əməli işlərə başlanılıb. Prezident İlham Əliyevin dediyi kimi, “bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.
2020-ci ildə “YAŞAT” Fondu ilə Komitənin birgə reallaşdırdığı həyati vacib əhəmiyyətli “Xeyriyyə Marafonu”nun davamı olaraq Qarabağ Dirçəliş Fondu ilə yeni layihənin həyata keçirilməsi nəzərdə tutulur. İnanırıq ki, Azərbaycan diasporu bu təşəbbüsə dəstək göstərməklə azad olunmuş tarixi memarlıq abidələrimizin bərpasına öz imzasını atacaq, həmin xeyriyyəçiliyi göstərən lövhə burada həkk olunacaqdır”, - deyə Fuad Muradov vurğulayıb.

Diaspor 2022-04-23 13:50:00