×
A
A
A
Sazlamalar

Məlahət İbrahimqızı: Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyir

Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 19-20-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov və onun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. Mətbuatdan da gördüyümüz kimi, dostluğumuzun və qardaşlığımızın ifadəsi olan bu səfər çərçivəsində bir sıra çox mühüm sənədlər, eləcə də yüksək strateji tərəfdaşlıq sənədi imzalanıb. Səfər çərçivəsində imzalanmış bu sənədlər ölkələrimizin gələcək əlaqələrini liderlərimizin siyasi iradəsi ilə daha da intensivləşdirəcək və buna tam hüquqi zəmin yaratdı. Daha dəqiq desək imzalanmış yüksək strateji tərəfdaşlıq sənədi ölkələrimizin münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çatdırdı. Sözsüz ki, həm Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum böyük siyasi əhəmiyyət əks etdirir. Bu sənədlər ölkələrimizin ikitərəfli fəaliyyətini eləcə də, regional və beynəlxalq məsələlərin daha səmərəli və çevik şəkildə koordinasiyasının hüquqi bazasıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
“Qeyd etmək lazımdır ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda, daha doğrusu çoxtərəfli əməkdaşlıqda da hər zaman bir-birini dəstəkləyir. Belə ki, ötən dövr ərzində bu iki dost və qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Şanxay təşkilatı çərçivəsində həmişə bir-birini dəstəkləyir. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında Qırğızıstan birmənalı olaraq açıq dəstək verib. Səfər çərçivəsində dövlət başçılarının keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyev bu hadisəni minnətdarlıqla qeyd etdi. İki ölkə arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin, eləcə də bu sahələr üzrə əməkdaşlığın vacibliyi, güclənməsi, daha da genişləndirilməsi və perspektivləri kimi fikirlər Prezident İlham Əliyevin mətbuat konfransındakı çıxışında yer alıb. Dövlətlərin gələcək yol xəritəsinin istiqamətləri olan bu çıxışda Azərbaycanın nəqliyyat infrastruktur sahəsində əldə etdiyi nailiyyətlər, uğurlar, onun beynəlxalq əhəmiyyəti haqqında önəmli fikirlər də səsləndirilib. Sözsüz ki, unikal layihə olan Şərq-Qərb nəqliyyat dəhlizi haqqında danışarkən Zəngəzur dəhlizinin də nə qədər böyük əhəmiyyətə malik olması istisna deyil. Qürurla deməliyik ki, Prezident İlham Əliyev uzaqgörən siyasətinin nəticəsində ölkəmizdə yüklərin bütün istiqamətlərə həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Yol, nəqliyyat infrastruktur layihələri həm də insanları mənzil başına çatdıran, könülləri birləşdirən dostları qovuşduran vasitədir. Sözsüz ki, hər iki ölkə arasında imzalanmış bu sənədlər qardaş və dost ölkə kimi Qırğızıstanın da bu imkanlardan istifadə etməsinə geniş imkan yaradır. Ölkələrimizin bütün sahələr üzrə sürətlə və sıx əməkdaşlığı həm də bütövlükdə Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə xalqlarımız arasında inteqrasiya prosesinə də öz töhfəsini verəcək. Ortaq tariximiz, mədəni irsimiz, dilimiz, dinimiz, adət və ənənələrimiz, eyni kökə və eyni etnosa mənsub olmamız bu əlaqələri daha möhkəm edəcək”, - deyə Milli Məclisin deputatı qeyd edib.

Diaspor 2022-04-23 13:47:00