×
A
A
A
Sazlamalar

Nuran Abdullayev: Bu gün Azərbaycan olaraq diaspor fəaliyyətindəki inkişafın yeni mərhələsinə çatmışıq

Bakı, 22 aprel, AZƏRTAC

Postmüharibə dövründən sonra yaranan yeni reallıq özünü nəinki Azərbaycanın dünya miqyasında olan siyasi fəaliyyətində, eləcə də Azərbaycanın adı ilə bağlı olan bir çox sahələrdə də əks etdirir. Bu cür fəaliyyətlərdə azərbaycanlılar olaraq Vətənimiz, Dövlətimizlə bağlı həqiqətlərimizi lazımi səviyyədə və istənilən şəkildə çatdırmaq üçün bizə daha sistemli birgə fəaliyyət və bu fəaliyyət istiqamətində xüsusi nizam-intizam lazımdır. Çünki nizam-intizam olan yerdə məqsədlərə daha tez çatmaq mümkündür. Düşünürəm ki, bu gün Azərbaycan olaraq diaspor fəaliyyətindəki inkişafın yeni mərhələsinə çatmışıq. Əminliklə deyə bilərəm ki, bu da Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, onun rəhbəri Fuad Muradovun və komandasının özünəməxsus şəkildə olan nizam-intizamlı fəaliyyəti sayəsində mümkün olub.
AZƏRTAC xəbər verir ki, bunu Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında Tibb elmləri doktoru, Köln Universitetinin dosenti, Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədri Nuran Abdullayev “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, yol xəritəsi” mövzusunda çıxış edərkən deyib.
O bildirib ki, gələcək fəaliyyət istiqamətləri akademik və qeyri-akademik səviyyələr olaraq ayrılmalıdır: “Ümumi olaraq isə vəzifələr və məqsədlər eynilik təşkil etməlidir. Vəzifə və məqsədlərdən danışarkən düşünürəm ki, Vətən müharibəsi zamanı yaşadıqlarımızı göz qabağına gətirmək və bizə qarşı doğru olmayan mövqeləri düşünərək yola çıxmaq lazımdır. Belə ki, bundan sonrakı mərhələdə bizi tanımayanlara Azərbaycanın necə sülhpərvər ölkə olduğunu və Prezident İlham Əliyevin dediyi kimi düşmənə yalnız döyüş meydanında beynəlxalq qanunlar çərçivəsində cavab verən ləyaqətli bir ölkə olduğumuzu göstərməliyik. Fəaliyyət istiqamətində bizim Vətən müharibəsində ləyaqət prinsipini əsas tutmağımız önə çıxarılmalıdır.
Bu cür fəaliyyətlərin intensivliyini daha da aktiv etmək üçün bu gün ölkədə olan, amma xarici ölkələrdə dövlətçilik prinsiplərini əsas tutaraq müvafiq ixtisaslarda təhsil ala biləcək gənclərə şərait yaradılmalı və onların seçiminə xüsusi diqqət yetirilməlidir. Bu, yol xəritəmizin önəmli meyarlarındandır. Bundan əlavə, Azərbaycan diasporunun yol xəritəsində çox önəmli yer tutacaq digər məsələlərdən biri də xarici ölkələrdəki media gücümüzü inkişaf etdirməkdir ki, bunun da önəmini bir daha Vətən müharibəsində gördük. Buna da ən üst səviyyədə ixtisaslı kadrlara və eləcə də gənclərə jurnalistika sahəsində xaricdə təhsil almaq şəraiti yaratmaqla, onlara dəstək olmaqla ən etibarlı şəkildə nail olmaq mümkündür”.
N.Abdullayev çıxışı zamanı Vətən müharibəsi dövründə işlədiyi yerdə yaşadığı hadisəni də danışıb: “Köln şəhərində çalışdığım klinikaya vəziyyəti kritik olan insult xəstəsi gətirildi və mən beyin əməliyyatına qərar verdim. Əməliyyat əla nəticə ilə bitdi. Xəstə ayıldı, mən ona yaxınlaşana qədər başına nə gəldiyini, ölümdən döndüyünü və onu kimin xilas etdiyini digər həkimlər demişdilər. Müayinəyə başlayıb tibbi suallar verəndə zəif, qırıq səslə “Azərbaycan” dedi və gözüyumulu gülümsədi. Təəccübləndim. Soruşdum ki, “Azərbaycanı tanınyırsınız? Niyə gülümsəyirsiniz?” Cavabında “İlham Aliyev” dedi və əli ilə “əla” işarəsini göstərdi. Öz-özümə dedim ki, pasiyent ayılandan sonra onunla mütləq bir də danışacağam. Səhər getdim yanına, halını soruşduqdan sonra “dünən Prezidentimizin adını çəkdiniz, onu tanıyırsınız?”, - deyə soruşdum. “Bəli, tanıyıram, onun bütün müsahibələrini izləyirdim, düz danışır”, - deyə cavab verdi. Söhbətimiz uzun oldu. O almanın həyatda qalmasında rolumun olmasına çox sevindim. Həm də çox qürurlu idim. Bu, həm də Azərbaycan həqiqətlərinin yayılmasının gözəl, ideal bir nümunəsi idi. Bu nümunəni göstərməklə qurultayda iştirak edən və iştirak etməyən xarici ölkələrdə yaşayan bütün soydaşlarımıza müraciət edirəm: Gəlin, diaspor nümayəndələri olaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və lazım olanda bəzi qüvvələrin yalanlarını ifşa etmək məsələsində cənab Prezidentdən nümunə götürək!”

Diaspor 2022-04-22 18:02:00