×
A
A
A
Sazlamalar

Tarixin yaddaşından silinməyən soyqırımı

Yevlax, 31 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Yevlaxda müxtəlif anım tədbirləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanında 31 Mart soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni, Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önlərinə gül dəstələri düzərək xatirələrinə ehtiramlarını bildiriblər.
Sonra YAP Yevlax rayon təşkilatının inzibati binasında "31 Mart - tarixin yaddaşından silinməyən soyqırımı" mövzusunda elmi-praktiki konfrans keçirilib. Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin nümayəndələri, qazilər, təhsil, mədəniyyət işçiləri və YAP fəalları iştirak ediblər. Tədbir iştirakçıları soyqırımı qurbanlarının və topraqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla anıblar.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək, 1918-ci ilin mart qırğınlarını erməni daşnakları tərəfindən xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli səhifələrindən biri olduğunu, həmin qanlı hadisələr zamanı Bakıda və digər bölgələrimizdə ermənilər tərəfindən minlərlə azərbaycanlının qətlə yetirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində erməni silahlı birləşmələrini məhv edərək, tarixi Qələbəyə imza atıb. Qəhrəman Azərbaycan əsgəri soyqırımına məruz qalmış soydaşlarımızın, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin qisasını alıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev, Yevlax rayon Aşağı Salamabad kənd orta məktəbinin direktoru Yasin Cavadov və başqaları 1918-ci ildə ermənilər tərəfindən törədilən kütləvi qırğınlardan danışıb, mart hadisələri zamanı baş verənləri bəşəri cinayət adlandırıblar. Bildirilib ki, XIX əsrdən başlayaraq ermənilər Azərbaycan və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq dəhşətli soyqırımı cinayətləri törədiblər. Təkcə 1918-ci ilin mart qırğınları zamanı Bakıda və Azərbaycanın müxtəlif bölgələrində on minlərlə azərbaycanlının həyatına son qoyulub, qocalar, qadınlar və uşaqlar amansızcasına qətlə yetirilib, qədim tarixi abidələrimiz məhv edilib. Təəssüf ki, uzun illər başımıza gətirilmiş bu dəhşətli hadisələr və onların səbəbləri xalqdan gizlədilib. Yalnız ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində soyqırımı hadisələri barədə həqiqətlər üzə çıxıb, bu hadisələrə hüquqi və siyasi qiymət verilib. Ümummilli Liderimizin imzaladığı Fərman ilə 1998-ci ildən başlayaraq hər il 31 Mart tarixi azərbaycanlıların soyqırımı günü kimi təkcə ölkəmizdə deyil, dünyada yaşayan milyonlarla soydaşımız tərəfindən də ürək ağrısı ilə qeyd edilir.
Çıxışlarda Prezident İlham Əliyevin təşəbbüsü ilə Qubada soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Soyqırımı Memorial Kompleksinin yaradıldığı vurğulanıb, xalqımıza qarşı törədilmiş amansız cinayətlərdən geniş bəhs edilib.
Tədbirdə Mart soyqırımından bəhs edən videoçarx nümayiş olunub.

Regionlar 2022-03-31 19:03:00