×
A
A
A
Sazlamalar

Gəncə Dövlət Universitetində 31 Mart soyqırımına həsr edilmiş elmi-praktik konfrans keçirilib

Gəncə, 31 mart, AZƏRTAC
Gəncə Dövlət Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, konfransı universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq, ermənilərin yüz illərlə Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən danışıb, onların törətdikləri vəhşiliklərə yalnız ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra əsl hüquqi qiymət verildiyini xatırladıb, həmçinin Ulu Öndərin hər il mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi ilə bağlı imzaladığı Fərmanın əhəmiyyətindən danışıb.
Sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Konfransda rektorun baş müşaviri, dosent Asif Cavadovun “Ermənilərin soyqırımı siyasətinin tarixi kökləri”, Ümumi tarix kafedrasının dosenti Etibar Musayevin “Ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları və soyqırımı siyasəti”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyevin “Zamanın unutdurmadığı cinayətlər”, Azərbaycan dili kafedrasının müəllimi Günay Hüseynovanın “Erməni xisləti - insanlığa sığmayan cinayət”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Aygün Yusibovanın “böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları” mövzularında məruzələri dinlənilib.
Sonda azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib.

Regionlar 2022-03-31 18:00:00