×
A
A
A
Sazlamalar

Mart soyqırımı Azərbaycan tarixinin qanlı səhifəsidir

Ağdam, 30 mart, AZƏRTAC

1918-ci ilin martında və aprelin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar miqyasına və amansızlığına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən dəhşətli cinayətlərindəndir. Törədilən qətliamların əsas məqsədi azərbaycanlıları xalq olaraq yer üzündən silmək, onların tarixi torpaqlarına sahiblənmək idi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ağcabədi Regional Mədəniyyət idarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə keçirilən "Unudulmaz faciə" adlı tədbirdə səsləndirilib. Döyüş Şöhrəti Muzeyinin, Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Mahrızlı kənd tam orta məktəbinin birgə təşkil etdiyi tədbirdə əvvəlcə soyqırımı qurbanlarının və respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni oxunub.
Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov çıxış edərək, azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğın və deportasiya siyasətindən, 1918-ci il mart-aprel aylarında ermənilər tərəfindən törədilən kütləvi qırğınlardan bəhs ediblər. Bildirilib ki, mart hadisələri zamanı ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılıb. Bakının böyük bir hissəsi xarabalığa çevrilib. Kütləvi qırğınlar təkcə Bakıda deyil, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə də həyata keçirilib.
Tədbirdə məktəblilər hərbi vətənpərvərlik ruhunda şerlər söyləyib, muzey tərəfindən Mart soyqırımı ilə bağlı hazırlanmış video-slayd nümayiş etdirilib.

Regionlar 2022-03-30 15:08:00