×
A
A
A
Sazlamalar

Şeyxülislam Allahşükür Paşazadə: Ermənilərin soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurub

Bakı, 29 mart, AZƏRTAC

Erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsl mənasında “qan çanağı”na çevirdilər. Azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə müşayiət olunan bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "böyük Ermənistan" dövləti yaratmaq idi. Bu məqsədlə Ermənistanda və ayrı-ayrı xarici dövlətlərdə dırnaqarası “milli-mədəni”, dini, siyasi və hətta terrorçu təşkilatlar qurub, erməni diasporunun və lobbisinin imkanlarını səfərbər etdilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
Şeyxülislam qeyd edib ki, 1948-1953-cü illərdə ermənilər yüz minlərlə azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyasına nail oldular və faktiki olaraq Ermənistan Respublikası ərazisində monoetnik respublika yaratdılar. Görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin Siyasi Büronun rəhbərliyindən uzaqlaşdırılmasından istifadə edən erməni şovinistləri etnik təmizləmənin yeni dalğasını həyata keçirdilər – 250 mindən çox azərbaycanlının Ermənistandan amansızlıqla qovulmasına nail oldular. 1992-ci ildə erməni ekstremistlərinin qədim Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi oldu. Soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurub, onun tarixi yaddaşında silinməz izlər buraxıb. Bütövlükdə 2 milyona yaxın azərbaycanlı mənfur erməni siyasətinin fəlakət və dəhşətlərini öz taleyində yaşayıb.
“Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi”, - deyə şeyxülislam Allahşükür Paşazadə bildirib.

Din 2022-03-29 16:10:00