×
A
A
A
Sazlamalar

Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin qərəzli qətnaməsi ilə bağlı bəyanat yayıb

Bakı, 18 mart, AZƏRTAC

Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin martın 10-da Azərbaycan Respublikasına qarşı qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, sənəddə Avropa Parlamentinin bu addımla ölkəmizə qarşı növbəti dəfə qərəzli mövqe nümayiş etdirdiyi vurğulanır. Bəyanatda qeyd olunur ki, Avropa Parlamenti Ermənistanın və erməni lobbisinin həqiqətləri təhrif edən məlumatlarına əsaslanaraq, 30 ildən artıq erməni işğalı altında olan Azərbaycan torpaqlarında mədəni irsimizə vurulan zərərə, müxtəlif vandalizm aktlarına biganəlik nümayiş etdirir, Azərbaycan mədəniyyətinə, tarixinə, etnoqrafiyasına qarşı törədilmiş terrorizmə etinasızlıq göstərir və bir daha ölkəmizə qarşı ikili standartlar tətbiq edir.
“Avropa Parlamenti Azərbaycana qarşı qəbul etdiyi qeyri-obyektiv, qərəzli qətnamə faktları təhrif edir, bölgədə sülhün və sabitliyin bərqərar olması səylərini zəiflədir.
Bu qərar torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalı zamanı Azərbaycanın mədəni irsinə qarşı törədilmiş vandalizmi inkar etmək, onu görməməzlikdən gəlmək məqsədi daşıyır. Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin qərəzli qətnaməsini şiddətlə qınayır və təxribat xarakterli bu kimi aksiyalardan yayınmağa çağırır”, - deyə bəyanatda bildirilir.

 

Diaspor 2022-03-18 16:40:00