×
A
A
A
Sazlamalar

Nizami rayonunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar sosial aksiya keçirilib

Bakı, 28 fevral, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar sosial aksiya keçirib.
AZƏRTAC xəbər verir ki, partiya fəalları Nizami rayonu ərazisində yaşayan bir qrup Xocalı soyqırımı şahidlərini və şəhid ailələrini ziyarət ediblər. Onların qayğıları ilə maraqlanıb, yardımlarını təqdim ediblər.
Qeyd olunub ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsini törətməklə ermənilərin məqsədi xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək olub. Lakin bu ağır faciə xalqımızı daha da mətinləşdirərək, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli mübarizəyə səfərbər edib. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun 30 il işğal altında qalan torpaqlarımızı azad etməsi ilə yeni reallıq yaranıb. 44 günlük Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını alaraq şəhidlərimizin qanını yerdə qoymayıb.
Bildirilib ki, Xocalıdan olan insanlarımızın, eləcə də şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir.
Xocalı soyqırımı şahidləri və şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qan yaddaşı 2022-02-28 19:13:00