×
A
A
A
Sazlamalar

Küveyt mətbuatında Xocalı soyqırımı haqqında məqalələr dərc olunub

Qahirə, 27 fevral, AZƏRTAC

Küveytin mətbuat orqanlarında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məqalələr dərc edilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Küveytdəki səfirliyinin dəstəyi ilə “Əl Vəsat” qəzetində Xocalı sakini Dürdanə Ağayevanın faciədən bəhs edən “Xocalıda səkkiz günlük əzab.. Gəncliyimi orada itirmişəm”, “Bobiannews” portalında Küveyt Jurnalistlərə Dəstək Birliyinin üzvü Adil Adilzadənin “Xocalı qətliamı hər bir azərbaycanlının qan yaddaşına çevrilib” və “q8-press” saytında “1992-ci il Xocalı soyqırımı onun şahidlərinin yaddaşından silinməz olaraq qalır” sərlövhəli məqalələri dərc olunub.
Məqalələrdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla anılır, onlara Uca Allahdan rəhmət dilənilir.
Oxuculara 1992-ci il fevralın 25-26-da Xocalıda baş vermiş dəhşətli faciənin qurbanları haqqında ətraflı məlumat verilir, bəşəriyyət əleyhinə olan cinayəti həyata keçirən cinayətkarların beynəlxalq məsuliyyətə cəlb olunmasının vacibliyi vurğulanır.
Yazılarda Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi və 613 dinc sakinin həlak olduğu qətliamın izlərinin bu faciənin şahidi olmuş insanların yaddaşında silinməz izlər buraxdığı bildirilir. Diqqətə çatdırılıb ki, bu soyqırımında fiziki və psixoloji yaralar alan xocalılı xanım Dürdanə Ağayeva hələ 20 yaşında ikən Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülərək işgəncələrə məruz qalıb. O, öz yaşadıqlarını və gördükləri barədə kitab yazaraq Xocalı həqiqətlərini bütün dünyaya çatdırmağa çalışıb.
Müəlliflər Xocalı soyqırımının İslam Əməkdaşlığı Təşkilatı, həmçinin dünyanın bir sıra ölkələri tərəfindən tanındığını qeyd edib, bu istiqamətdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində mühüm işlər görüldüyünü diqqətə çatdırıblar. Yazılarda vurğulanıb ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi ilə Xocalı qurbanlarının qisası alınıb.
Bundan əlavə, Küveyt KİV-də Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı da dərc edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Qan yaddaşı 2022-02-27 15:43:00