×
A
A
A
Sazlamalar

Perunun dövlət qəzetində Xocalı soyqırımı ilə əlaqədar məqalə işıq üzü görüb

Bakı, 27 fevral, AZƏRTAC
Perunun rəsmi dövlət qəzeti və ən nüfuzlu mətbu orqanı olan “El Peruano”da Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı məqaləsi dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə erməni təcavüzünün tarixi və Xocalıda törədilmiş soyqırımı haqda məlumat verən səfir bu amansız qətliam zamanı onlarla azyaşlı uşaq və qadınlar da daxil olmaqla 613 nəfər mülki azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirildiyini, yüzlərlə soydaşımızın isə yaralandığını və itkin düşdüyünü bildirib və bu qətliamın bir sıra beynəlxalq insan hüquqları təşkilatları və media qurumları tərəfindən qeydə alındığını diqqətə çatdırıb.
Yazıda 2020-ci ildə Ermənistanın növbəti təxribatı səbəbindən meydana gəlmiş və işğalçı dövlətin öz ənənəsinə sadiq qalaraq yenə mülki insanları hədəfə aldığı 44 günlük müharibə nəticəsində Azərbaycanın işğalda olan ərazilərini azad etməyə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına və beynəlxalq ədalətin təmin edilməsinə nail olduğu bildirilir.
Xocalıda törədilmiş qətliama bənzər faciələrin bir daha baş verməməsi üçün bu hadisələrin daim xatırlanmalı və beynəlxalq hüquqi-siyasi qiymətini almalı olduğunu deyən təmsilçimiz, bu xüsusda 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət!” kampaniyası haqda məlumat verib, habelə Peru, Meksika, Kolumbiya, Qvatemala, Honduras kimi Latın Amerikası ölkələri də daxil olmaqla bir sıra dünya ölkələrinin parlamentləri tərəfindən bu soyqırımını pisləyən sənədlərin qəbul edildiyini qeyd edib.

Qan yaddaşı 2022-02-27 09:37:00