×
A
A
A
Sazlamalar

Bosniya və Herseqovinanın QHT nümayəndələri bir qrup Xocalı sakini və itkin düşmüş şəxslərin ailə üzvləri ilə görüşüblər

Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın QHT nümayəndələri bir qrup Xocalı sakini və itkin düşmüş şəxslərin ailə üzvləri ilə görüşüblər.
Görüşdə Agentliyin icraçı direktorunun müavini Emil Çaparlı, Beynəlxalq əlaqələr üzrə məsləhətçi Toğrul Məmmədli və Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı iştirak ediblər.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi Xocalı və Srebrenitsa soyqırımlarında yaxınlarını itirən ailələrin tanışlığı, hər iki soyqırımı və apardıqları mübarizə barədə məlumatlanmaq olub.
Xocalı soyqırımının 30 illiyi günündə keçirilən görüşdə ilk olaraq soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
E. Çaparlı soyqırımı faciəsində yaxınlarını itirən qonaqlara səbir diləyərək bildirilib ki, erməni separatçıları tərəfindən 7000-dən çox sakini olan Xocalı şəhəri yerlə-yeksan edilib, dinc əhaliyə qarşı qətliamlar törədiblər. O qeyd edib ki, Xocalı soyqırımında şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 nəfər əsir götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq hər iki valideynini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb. E.Çaparlı Xocalı soyqırımı zamanı 95 nəfərin itkin düşdüyü barədə də məlumat verib.
Srebrenitsa Analar Cəmiyyətinin sədri Munira Subasic görüşün təşkilinə görə agentliyin rəhbərliyinə təşəkkür edib. Srebrenitsa soyqırımında 22 nəfər ailə üzvlərini itirən M.Subasic bildirib ki, faciədə 1402 uşaq, 570 qadın olmaqla 10770 nəfər həlak olub, 20 mindən çox qadın işgəncələrə məruz qalıb, 550 uşaq hər iki valideynini itirib.
Sonra qonaqlar bir-birilərinə yaşadıqları faciə, itkin düşmüş əzizlərinin axtarışları, yaxınlarını itirdikdən sonra həyata davam etmələri barədə danışıblar, qarşılıqlı fikir mübadiləsi aparıblar. Azərbaycanlı ailələr axtarışların nəticəsizliyindən, Ermənistanın əsirlərlə bağlı məlumat verməməsinin əziyyətlərindən danışıblar. Həmdərd qonaqlar bir-birilərinə təsəlli və təskinlik veriblər, bu cinayət əməllərini törədənlərin cəzalarını alacaqlarına inandıqlarını bildiriblər.
Sonda Srebrenitsa Analar Cəmiyyətinin sədri Munira Subasic bu sahədə təcrübələrinin olduğunu qeyd edib və əsir, itkin düşmüş şəxslərin ailələri ilə birgə aidiyyəti beynəlxalq təşkilatlara müraciətin ünvanlanması barədə qərar verilib.

Qan yaddaşı 2022-02-26 22:34:00