×
A
A
A
Sazlamalar

Xocalı faciəsi qurbanlarının xatirəsi Yevlaxda dərin hüznlə anılıb VİDEO

Yevlax, 26 fevral, AZƏRTAC

Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin 30-cu ildönümü respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da dərin hüznlə anılıb. Faciə qurbanlarının anım günü ilə əlaqədar olaraq keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, mərkəzi icra hakimiyyəti orqanlarının regional təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, hərbçilər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə soyqırımının 30-cu ildönümü ilə bağlı yürüş ediblər. Sonra Yevlax Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül qoyulub, respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirələri ehtiramla yad edilib. Yevlax Şəhər Mədəniyyət Mərkəzi tərəfindən Xocalı faciəsinə həsr edilmiş “Biz Xocalıya qayıdırıq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Daha sonra iştirakçılar məktəblilərin Xocalı soyqırımının 30-cu ildönümünə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonda şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev Xocalı sakinləri ilə görüşüb, qayğı və problemlərini dinləyib.

Regionlar 2022-02-26 20:26:00

Video