×
A
A
A
Sazlamalar

Ağdamda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar yürüş keçirilib

Ağdam, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Ağdamda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar yürüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüşdə Xocalı sakinləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, din xadimləri iştirak ediblər.
Yürüş iştirakçıları Ağdam Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Xocalıdan gələn şəhidlərin dəfnə hazırlandığı Cümə məscidinin ətrafına toplaşıblar. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Onların ruhuna dualar oxunub.
Mərasimdə çıxış edənlər faciənin baş verdiyi günləri xatırlayıb, amansız cinayəti törədənləri qınayıblar. Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədilib. Ümumilikdə şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub.
İndiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.
Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində düşmənin başını “Dəmir yumruq”la əzərək, həm torpaqlarımızı azad etdi, həm də şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının qisasını aldı. İndi şəhidlərimizin ruhu şaddır. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.
Burada məşhur fotoqraf Reza Deqatinin fotosərgisi nümayiş etdirilib. Sərgidə fotoqrafın Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən fotoları təqdim olunub.

Regionlar 2022-02-26 15:57:00