×
A
A
A
Sazlamalar

Xocalı sakinləri o dəhşətli gecənin qurbanlarının xatirəsini anıblar

Goranboy, 26 fevral, Elcan Məmmədov, AZƏRTAC

Fevralın 26-da Xocalı sakinlərinin müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının otuzuncu ildönümü münasibətilə anım tədbiri keçirilib. Anım mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Xocalı ictimaiyyəti, şəhid ailələri və qazilər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidəsi önünə tər qərənfillər düzüb, şəhidlərin ruhuna Allahdan rəhmət diləyiblər.
Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.
Məktəblilərin Xocalı soyqırımını təsvir edən rəsm əsərlərinə, həmçinin şəhidlərimizin şəkilləri olan stendlərə baxış keçirilib.
Tədbiri açan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev otuz il əvvəl Xocalıda mənfur qonşularımız tərəfindən törədilmiş soyqırımının səbəb və nəticələri haqqında məlumat verib. Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixində qanlı hadisə kimi qalıb. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər insanlığa yaraşmayan bir faciəni Azərbaycan xalqına yaşadıblar. Xocalı soyqırımı, əslində, ermənilərin tək azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törətdiyi cinayətdir.
Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Bundan sonra Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və təbliğatı işlərinə başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə mühüm işlər görülməkdədir. Xocalı soyqırımı artıq dünyanın bir neçə ölkəsində və ABŞ-ın ştatlarında tanınır. “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində də Xocalı soyqırımı haqqında dünya ölkələrinə məlumat çatdırılır. Bu, erməni vəhşiliyinin bütün dünyada ifşa edilməsi ilə nəticələnir.
Sonra Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxışında bildirib ki, Xocalı soyqırımına şahidlik edən, bu ağrı-acını yaşayan insanlar üçün Xocalı soyqırımı günü heç bir zaman unudulmayacaq tarixdir.
Xocalı soyqırımının şahidi, o müdhiş gecədə üç övladı soyuqdan donan Sədaqət Hüseynova göz yaşları içində xocalılıların başına gətirilən müsibətlərdən danışıb.
Sonda Xocalı şəhər 1 saylı klubun təşkilatçılığı ilə Xocalı məktəblilərinin hazırladığı bədii kompozisiya nümayiş olunub.

Regionlar 2022-02-26 15:47:00