×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır

Astara, 26 fevral, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Astara rayonunda da Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 26-da Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qeyri-Hökumət Təşkilatlarının və ictimaiyyətin nümayəndələri “Şəhidlər” abidə kompleksi önünə gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.
Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımına həsr olunmuş fotosərgi və ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə qeyd olunub ki, Xocalı faciəsi bəşər tarixində analoqu olmayan soyqırımı, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin bir üzüntüdür.
Diqqətə çatdırılıb ki, 30 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azğınlaşmış ermənilər keçmiş SSRİ-yə məxsus və o dövrdə Xankəndidə yerləşən, tərkibi erməni zabitlərindən və əsgərlərindən ibarət olan 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə hücum etdilər. Xocalı şəhəri viran edildi, əhalisi soyqırımına məruz qaldı.
Soyqırımı zamanı Xocalı şəhərinin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində tədbirlər Heydər Əliyev Fondu tərəfindən də uğurla davam etdirir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.
Çıxışlarda qeyd olunub ki, 30 il bu ağır dərdlərə dəyanətlə sinə gərən müdrik xalqımız yurd həsrəti, yurd nisgili ilə ürəyi göynəsə də, səbirlə qisas gününü gözlədi. Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlamaq əmrini verdi. Rəşadətli Azərbaycan Ordusu düşməni 44 gün ərzində ağır məğlubiyyətə uğradaraq, torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbə ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı faciəsi qurbanlarının və Vətən torpaqlarının azadlığı uğrunda canından keçən bütün qəhrəman övladlarımızın qisası döyüş meydanında alındı.

Regionlar 2022-02-26 11:44:00